"Rusiya nə qədər zəifləsə, Azərbaycan üçün təhlükə bir o qədər az olar" - Politoloq "Vaqner" üsyanından danışdı
“Rusiyada kifayət qədər böyük potensialı olan bir hərbi qurum qiyam qaldırıb. Bu qiyamın arxasında xarici qüvvələrin durması ehtimalı yoxdur. Əgər təşkilatçı axtarmaq lazımdırsa, bu, elə Putinin özüdür. Bu cür qanunsuz hərbi birləşmə yaratmaqla, onun rəhbəri Priqojinə hər cür imkanlar verməklə Putin son nəticədə bu qiyamın baş verməsinin əsas günahkarıdır”.
Bu sözləri Redaktor.az-a politoloq Abutalıb Səmədov Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin başçılığı ilə baş verən hərbi üsyanı şərh edərkən deyib.
Onun sözlərinə görə, dövlətdə Müdafiə Nazirliyinin tərkibinə daxil olmayan hərbi birləşmələr olmamalıdır:
“Ancaq ilk dövrlər bu “Vaqner” hərbi birləşməsi Putinin maraqlarına xidmət etdiyinə, onun xarici ölkələrdə istədiyi əməliyyatları reallaşdırdığına görə Putin onlar üçün hər cür şəraiti yaratdı. Kiçik bir restoranın sahibi olan Priqojin Rusiyanın ən varlı adamlarından birinə çevrildi. Dövlət tenderlərinin qalibi oldu və belə böyük potensiala malik hərbi birləşmə yaratdı. Ukraynada gedən müharibədə də “Vaqner” hərbi birləşməsinin ciddi uğurları oldu. Bu da inkar olunmazdır. Ancaq əlində böyük hərbi güc toplamış Priqojin də digərləri kimi güc zəhərlənməsi yaşadı. Və hesab etdi ki, o artıq daha ciddi iddialara düşə bilər, heç kimlə hesablaşmadan istədiyini söyləyə bilər. Burda da Putin ciddi yanlışlığa yol verdi. Priqojinin ilk bəyanatlarına vaxtında reaksiya vermədi. Təqribən 15-20 gün əvvəl onu Kremlə dəvət edib müəyyən tərbiyəvi iş aparmaq, hətta həbs etmək olardı. O dövrdə Priqojin yəqin ki, Putinin çağırışına gələrdi. Ancaq indi təbii ki, getməz".
Politoloqun fikrincə, bütün bu hadisələr vətəndaş müharibəsinə gətirib çıxara bilər:
"Priqojinin çox yüksək səviyyədə silahlanmış 50 minə yaxın hərbçisi, silahlısı var və bunlar yüksək təlim keçmiş, yüksək hazırlıqlı insanlardır. Ona görə onları sıradan çıxartmaq Rusiya hakimiyyəti üçün çox çətin olacaq. Üstəlik, Ukraynada vəziyyət ağırdır və məhz Ukraynanın əks hücumunun başlandığı dövrdə bu hadisənin baş verməsi Putinin imkanlarını kifayət qədər məhdudlaşdırdı. Onsuz da o hücumların qabağında çətinliklə dayanırlar və bu tərəfdən ən böyük hərbi birləşmələrindən biri qiyam qaldırdı. Bu qiyamın qarşısını almaq, 50 minlik dəstəni zərərsizləşdirmək üçün çox böyük hərbi qüvvə cəlb olunmalı və ən kəskin addımlar atılmalıdır. Bu da böyük qırğına gətirib çıxara bilər. Putin çıxılmaz vəziyyətdədir. Onun bugünkü bəyanatı da göstərdi ki, vəziyyətin nə qədər ağır olduğunu anlayır".
A.Səmədov eyni zamanda baş verən hadisələrin Azərbaycana necə təsir etməsindən də danışdı.
"Biz həmişə Ukraynanın əks-hücumunun uğurlu olmasını istəmişik. Çünki Ukrayna nə qədər çox irəliləyərsə, rus ordusu nə qədər çox məğlubiyyətlər yaşayarsa, onun gələcəkdə Cənubi Qafqaz bölgəsinə daha fəal müdaxilə etmək imkanı bir o qədər az olar. Üstəlik, indi Priqojinin qiyamı da, təbii ki, Rusiyanın zəifləməsinə gətirib çıxaracaq. Ukraynanın əks-hücum imkanlarını bir az da artıracaq. Qərbi bir az da ürəkləndirəcək ki, onlar Ukraynaya daha artıq yardım göstərsinlər və son nəticələrdə Rusiya bu hadisələrdən zəifləmiş bir dövlət kimi çıxacaq. Bu da təbiidir ki, Azərbaycanın maraqlarına cavab verir. Rusiya nə qədər zəifləsə, Azərbaycan üçün təhlükə bir o qədər az olar. Rusiyanın bölgədə qalmaq planları gündəlikdən çıxa bilər və beş ilin tamamında Rusiya sülhməramlıları bölgəmizi tərk edib öz vətənlərinə qayıdarlar. Bu səbəbdən təbiidir ki, Priqojinin qiyamı da, Ukraynada baş verən proseslər də kifayət qədər təhlükəli hadisələrdir. Dünya üçün çox böyük təhlükə törədən hadisələrdir. Ukraynanın uğurlu hücumları taktiki nüvə silahlarının tətbiq olunmasını sürətləndirə bilər. Bu tərəfdən Priqojin qiyamı da bu prosesə təbii ki, bir az da təkan verə bilər. Bu da dünyada çox təhlükəli vəziyyət yarada bilər. Ancaq o biri tərəfdən də rus hərbçilərinin bölgəmizi tərk edib getməsinin bir yolu var: Rusiya zəifləməli, Rusiya taqətdən düşməli və normal dövlətə çevrilməyə çalışmalıdır", - deyə politoloq vurğuladı.
Həmidə İBRAHİMLİ