"Azərbaycana nifrət hissi onların gözünü o qədər örtüb ki..." - Deputatdan AŞPA-ya ETİRAZ

 13:39 25.06.2023     449

"Avropa Şurası Parlament Assmbleyasının (AŞPA) qəbul etdiyi qətnamə yarımçıq və qeyri obyektiv bir qətnamədir".

Bunu Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.

Onun sözlərinə görə, məsələ dərindən öyrənilməmiş məqsədli surətdə mahiyyət təhrif edilərək belə bir qərar qəbul olunub.

"Niyə onlar nəzərə almadılar ki, Azərbaycan belə bir şərait yaratmışdı, amma Ermənistan tərəfdən postumuz güllə-baraban edildi? Ermənistan özünün dinindən olan nümayəndələrini gülləbaran elədi və Ermənistan indiyə qədər hələ də həmin dəhlizin təhlükəsiz fəaliyyətinə zəmanət vermir. Azərbaycanın istədiyi zəmanətdir, amma Ermənistan hələ zəmanət vermir. Dəhlizi açdıq və sabahı günü yenidən gülləbaran oldu. Kim buna cavab verəcək? Ona görə də hesab edirəm ki, Avropa Parlamenti qətnamə qəbul edərkən məsələnin mahiyyətinə varmalı idi. Görünür, Azərbaycana nifrət hissi deputatların bir qisminin gözünü o qədər örtüb ki, onlar üçün fərqi yoxdur və Ermənistanın etdiklərini Azərbaycanın adına yazmaq onların çoxdankı vərdişidir. Azərbaycan ərazisində yaşayan hər bir insanın təhlükəsizliyinə təminat verir. Təhlükəsinə təminat verib ki, biz Rusiya sülhməramlılarına ərazimizdə yerləşməsinə imkan vermişik, həmin insanlar üçün heç bir təhlükə yoxdur. Həmçinin Ermənistanın hansı əsasla Azərbaycan ərazisində 25 minlik hərbi kontingenti yerləşir? Avropanın hansısa bir ölkəsi buna razılaşardımı ki, başqa bir dövlət bundan icazə almadan onun ərazisində hərbçilərini yerləşdirsin? Ədalətsiz bir qərardır. Amma belə münasibət Azərbaycanı öz suveren hüquqlarını qorumaqdan heç vaxt çəkindirə bilməz", - deyə deputat vurğuladı.

Xatırladaq ki, AŞPA-nın qəbul etdiyi qətnamədə bildirilir ki, "Azərbaycan Laçın dəhlizini açmalı, erməni vətəndaşların sərbəst gediş-gəlişini təmin etməlidir". 

Həmidə İBRAHİMLİ