"Ermənistan sülh niyyətini hələ dəqiqləşdirməyib" - Hikmət Babaoğlu
"Ötən həftə Amerika Birləşmiş Ştatlarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirildi və çox təəssüf ki, bu görüş ciddi nəticələrlə yadda qalmadı. Hər nə qədər ümumi kontekstdə danışıqlar özü-özlüyündə müsbət göstərici hesab edilsə də, müharibədən ötən üç ilə yaxın müddəti nəzərə alsaq, artıq sülh danışıqları ilə bağlı real nəticələrin əldə olunması zərurəti var".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da keçirilən görüşə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın iddialı mövqeyi, Azərbaycana qarşı törətdiyi təxribatlar, üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sülh danışıqlarına mane olan əsas faktorlardan biridir:
"Görünür, Amerika Birləşmiş Ştatlarında keçirilən görüşdə də bu faktor öz mənfi rolunu oynamış oldu. Ümumiyyətlə isə mənə elə gəlir ki, erməni diplomatiyası yenidən sülh danışıqlarını imitasiya etməyə, vaxt udub güclənməyə və eyni zamanda beynəlxalq rəydə Azərbaycan əleyhinə bir diplomatiya formalaşdırmağa çalışır. Azərbaycan ərazisində ermənilər təxribatlar törədir və bu, beynəlxalq ictimaiyyətə Azərbaycanın təzyiqi kimi yalandan təqdim olunur. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh niyyətini hələ dəqiqləşdirməyib. “Doğrudanmı sülh istəyir?” sualının konkret cavabı mənə elə gəlir ki, Ermənistanda yoxdur. Başqa bir məsələ, biz real sülh danışıqlarından və real sülhün əldə olunması ilə bağlı nəticələrdən o vaxt danışa bilərik ki, birincisi, Azərbaycan ərazisində bu günə qədər mövcud olan 10 mindən çox erməni terrorçusu Azərbaycan ərazisindən çıxarılsın, ikincisi, kommunikasiyalar açılsın. Hər iki məsələ heç bir danışıqsız, 10 noyabr 2020-ci ildə Ermənistanın üzərinə götürdüyü öhdəçilikdir. Yalnız bu öhdəçilik yerinə yetirilərsə, sülhdən danışmaq olar. Əks təqdirdə, istər Brüsseldə, istər Vaşinqtonda, istərsə önümüzdəki mərhələdə Portuqaliyada nəzərdə tutulan görüşdə heç bir danışıqların sülh istiqamətində ciddi nəticələrə gətirəcəyinə inanmaq olmaz".
Həmidə İBRAHİMLİ