"Təkcə separatçıları yox, Rusiya hərbi kontingentini də ərazimizdən təmizləməliyik" - Deputat

 17:19 04.07.2023     395

Son günlər qanunsuz erməni silahlı birləşmələri rus sülhməramlılarının müşayəti ilə Qarabağa silah-sursat daşıyırlar. Yayılan videogörüntülərdən düşmənin Xankəndi-Kərkicahan yolu ilə döyüş mövqelərinə silah-sursat və digər təminatlar daşıdığı görünür. 

Bəs, sülhməramlıların erməniləri silahlandırmaqda, onlara yardımda məqsədi nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya hərbçiləri sülhməramlı deyil.

Onun sözlərinə görə, onlar Rusiya Federasiyasına məxsus olan məhdud saylı hərbi kontingentdir:

"Sülhməramlılar Azərbaycan ərazisinə gəldikləri gündən kimlə əməkdaşlıq ediblər? Separatçılarla, cinayətkarlarla, terrorçularla, işğalçılarla. Bu gün də həmin fəaliyyətlərini davam etdirirlər. Onların bu gün fəaliyyəti nədən ibarətdir? Azərbaycan ərazisində 30 ildən artıq bir müddətdə kök salmış separatçıları qoruyub saxlamaq, müdafiə etmək, onların mövcudluğunu təmin etmək, onları silahlandırmaq, onların təminatı ilə, təchizatı ilə məşğul olmaqdır. Yəni bu, açıq-aydın, gün kimi göz qabağındadır. Burada gizli bir şey yoxdur. Onların bütün əməlləri aşkardır ki, nə işlə məşğuldurlar, onlar kim ilə əməkdaşlıq edirlər, kimi müdafiə edirlər, fəaliyyətləri nədən ibarətdir. Onlar gəldikləri gündən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə yanaşıblar, Azərbaycan qanunlarını pozmaqla məşğuldurlar. Bu gün də o proses davam edir".

Deputatın fikrincə, Azərbaycan onlara arxayın olmamalıdır, heç onlara arxayın da deyil.

"Onlar da ərazilərimizdən təmizləyəcəyimiz separatçılarla, işğalçılarla birlikdə bizim ərazidən təmizlənməlidir, ərazimizi tərk etməlidirlər. Çünki onların missiyası tamam başqa idi, amma tamam başqa işlə məşğul oldular. 10 noyabr 2020-ci il üçtərəfli imzalanan sənəddə açıq-aydın yazılır ki, bunlar Xankəndi-Laçın istiqamətində, Laçın dəhlizi deyilən ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək üçün gəlirlər. Ancaq bunlar gəldilər neylədilər? 1988-ci ildən 1992-ci ilə qədər ərazimizdə olan, o vaxt əvvəlcə SSRİ dövlətinə məxsus, 1991-ci ildən sonra Rusiya Federasiyasına məxsus hərbi kontingent kimi bunlar keçmiş Dağlıq Qarabağın bütün ərazisinində postlar qurub nəzarətə götürüblər. Bu, hansı qanuna uyğundur? Bunların missiyasına aiddirmi? Aid deyil. Demək, bunlar nə ilə məşğuldurlar? İşğalçılıqla, işğalçıya dəstəklə, separatçıları müdafiə etməklə məşğuldurlar. Buna görə biz artıq çoxdan vaxtı çatmış antiterror əməliyyatlarına başlayanda, təkcə o separatçıları, işğalçıları yox, eyni zamanda bu hərbi kontingenti də ərazimizdən təmizləməliyik", - deyə Elman Məmmədov vurğuladı.

Həmidə İBRAHİMLİ