Erməni diversantların məhkəməsində ittiham aktı elan edildi

 11:51 05.07.2023     276

Azərbaycanın dövlət sərhədini pozma, terrorçuluq, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunan erməni diversantlar - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Redaktor.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

İttihamda deyilir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında bu il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə sərhədi qanunsuz keçiblər. Onlar odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə Azərbaycanda terror aktı törədəcəkləri ilə hədələyib, Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycan hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açıblar.

Bundan başqa, Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınıb, qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı AKM modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.

Qeyd olunan əməllərə görə, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.