"İlham Əliyevin bu cür cəsarətli fikirləri Qoşulmama Hərəkatıına üzv dövlətlərin marağına səbəb oldu"

 18:21 05.07.2023     398

"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşünün Bakıda keçirilməsi əlamətdar bir hadisədir".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünü şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının fəaliyyətində biz fərqli cəhətləri görə bildik:

"İlk növbədə, Qoşulmama Hərəkatı nüfuzunu daha da artırmış oldu. Daha kompakt, daha işgüzar və daha ciddi addımlar atmaqla yanaşı, təşkilat üzvləri arasında koordinasiyanın ən yüksək səviyyədə təşkil olunmasının da biz şahid ola bildik və Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı sədri olaraq bir çox təşəbbüslər irəli atıldı. Pandemiya dövründə bir çox ölkələrə humanitar yardım göstərildi. Ədalətli vaksin bölüşdürülməsi ilə əlaqədar cənab Prezidentin təşəbbüsü BMT tərəfindən dəstəkləndi və xüsusi iclas keçirildi. Bütün bunlarla yanaşı, Azərbaycanda təşkil olunan görüşlərdə cənab Prezident BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı bir çox təkliflə çıxış etdi. Bugünkü görüşdə cənab Prezident öz çıxışında Fransanın işğalçı və müstəmləkəçi siyasətinə son qoyması, zülm verdiyi, işgəncə verdiyi, soyqırım törətdiyi xalqlardan və dövlətlərdən üzr istəməsini və keçmişdə həyata keçirdiyi işlərə görə üzrxahlıq bildirməsinin vacibliyini səsləndirib. Bütün bunlarla yanaşı, bu cür böyük bir platformada Azərbaycan yalnız öz maraqlarının qorunmasını deyil, bütün bu təşkilata üzv olan dövlətlərin maraqlarının qorunması üçün aktiv fəaliyyət göstərmiş oldu. Prezident Fransanın səhvləri ilə bağlı, vaksinlərin ədalətsiz paylanması ilə bağlı, BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətinin heç də ədalətli olmamağını və müasir dövrün tələblərinə cavab verməməsinin səsləndirilməsi və BMT-nin Təhlükəsizlik Şurasında mütləq Afrika ölkələrindən birinin təmsil olunması, müsəlman dövlətlərindən birinin təmsil olunmasının vacibliyini bildirməsi demək olar ki, bu günə qədər səsləndirilməmiş təkliflər idi. Cənab Prezidentin bu cür cəsarətli fikirlər irəli sürülməsi təşkilata üzv olan dövlətlərin hər birinin marağına səbəb oldu və Azərbaycanın liderliyində Qoşulmama Hərəkatının fəaliyyətinin çox uğurlu olması hər kəs tərəfindən səsləndirilən fikirlərdən biri halına gəlib çatdı. Bu günləri də biz cənab Prezidentin çıxışında Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edərək 44 günlük Vətən müharibəsinin gedişində və daha sonra BMT Təhlükəsizlik Şurası tərəfindən, daha doğru desək, Fransanın və Ermənistanın istəyi ilə Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinin əleyhinə səs vermələrinə görə təşəkkür edilməsi də onu deməyə imkan verir ki, Azərbaycan bu mühüm platformanı ədalətli bir təşkilata çevirə bildi və ədalət naminə yeri gəldikdə bu dövlətlər qərar verə bildilər, böyük güclərin qarşısını kəsə bildilər".

Deputatın fikrincə, Azərbaycan həm bütün dövlətlərin, o cümlədən öz maraqlarının qorunmasında Qoşulmama Hərəkatının imkanlarından maksimum dərəcədə istifadə edib və bu gündən sonra da edəcəkdir:

"Ən əsas odur ki, Qoşulmama Hərəkatı artıq sayılan, seçilən və söz sahibi olan bir təşkilata çevrilib. Azərbaycanın da bu təşkilata sədrliyi dövründə biz çox uğurlu yol qət edə bilmişik. Bugünkü toplantıda Türkiyə Cümhuriyyətinin xarici işlər naziri hörmətli Hakan Fidanın da iştirak etməsi bir daha dünyaya nümayiş etdirir ki, Türkiyə həmişə Azərbaycanın yanındadır və Azərbaycan bu ağır, çətin yolda Türkiyə ilə birlikdə addımlayır, Türkiyənin həm xeyir işində, həm çətin günlərində Azərbaycan onu dəstəkləməkdədir. Ümumilikdə, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təşkilatdır və Azərbaycanın rəhbərliyi ilə bu təşkilat daha da güclənib. Bu gündən sonra gələcək dövrdə təşkilata rəhbərlik edəcək başqa ölkələr də Azərbaycanın təcrübəsindən maksimum yararlanacaqdır. Xüsusilə cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatı parlament şəbəkəsinin yaradılmasının, Gənclər Təşkilatının formalaşdırılması ideyasını daha da inkişaf etdirəcəkdirlər. Mən düşünürəm ki, məhz ədalətli, dayanıqlı dünya qura bilməyimiz üçün Qoşulmama Hərəkatı çox böyük işlərin öhdəsindən gələ biləcəkdir. Eyni zamanda, məhz Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərin görüşü mən düşünürəm ki, Azərbaycan həqiqətlərinin Qarabağ məsələsi ilə bağlı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı, sonuncu vəziyyətlə bağlı onları məlumatlandırılması üçün əla bir fürsət oldu. Və cənab Prezident öz çıxışında Ermənistanın yanlış mövqeyini, Zəngəzur koridorunun açılmaması səbəbini, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində quldur dəstələrinin, erməni qanunsuz silahlı birləşmələrinin təxribatlar törətməsi məsələlərinə də toxundu. Mən düşünürəm ki, xüsusilə də İran xarici işlər nazirinin bu tədbirdə iştirak etməsi və cənab Prezidentin çıxışındakı məqamlardan düzgün nəticələr çıxaracağı ümidləri var. Biz ümid edirik ki, bu toplantıda da bir çox tərəflər Azərbaycanın gücünü daha yaxşı dərk edəcəklər və Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın regionda vermək istədiyi töhfələri düzgün dəyərləndirəcəklər, qiymətləndirəcəklər".

N.Həmzəyev qeyd etdi ki, region dövlətləri və qlobal məkanda Azərbaycana olan maraq günü-gündən artmaqdadır:

"Biz ümid edirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rol qədər nəqliyyat dəhlizinə çevrilməsi faktoru da Azərbaycanın gücünə güc qatır və Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyində də öz inkişafını gücləndirəcəkdir. Azərbaycan bu mühüm platformanı həmişə olduğu kimi, bu günləri də öz xeyrinə, öz məqsədlərinə yaxşı mənada istifadə edə biləcəkdir".

Həmidə İBRAHİMLİ