"Prezidentin "Fransa üzr istəməlidir" fikri Azərbaycanın artan nüfuzunu bir daha göstərdi" - Deputat

 18:41 05.07.2023     423

Xəbər verdiyimiz kimi, iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Görüşdə bir çox ölkələrin nazirləri, eyni zamanda vəzifəli şəxsləri iştirak edib.

Bu görüşü Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu təşkilata yeni nəfəs gətirdi:

"1961-ci ildə yaranan və hər dövrdən dövrə nüfuzunu artıran bu təşkilat 2019-cu ildə təşkilata yeni üzv olmuş Azərbaycana sədrlik həvalə etdi. Sədrlik bir qayda olaraq, iki illik olur. Ancaq Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasına, hərəkata daxil olan ölkələrin problemlərinin beynəlxalq birlikdə qaldırılmasına səbəb oldu və eyni zamanda, Azərbaycan sədrliyi dövründə bütün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bu məsələ ilə bağlı BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılmasına nail olub. Özü də 40-a qədər ölkəyə yardım göstərdi. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər Birliyi yaradıldı və onlar uğurla davam etdirilir. Bunun nəticəsidir ki, artıq iki ildir Azərbaycanın sədrliyi daha bir illiyə artırılır. Qoşulmama Hərəkatı tarixində belə bir nüfuza vaxtilə 1964, 70-ci ildə Misir nail olmuşdur. Və Bakıda hərəkatın Xarici İşlər Nazirləri Bürosunun iclasının keçirilməsi Azərbaycanın artan nüfuzunu, Azərbaycanın bir çox dünya məsələlərinə dair Qoşulmama Hərəkatının üzvlərinin maraqlarına cavab verən mövqeyi olduğunu bir daha göstərir. Və cənab Prezidentimiz bu gün müraciətində bir çox aktual məsələlərə toxundu. Eyni zamanda, Fransa barəsində cəsarətlə dediyi "Fransa üzr istəməlidir" fikri, Azərbaycanın artan nüfuzunu, Azərbaycanın hansısa bir məsələni açıq şəkildə həmişə bildirməsini bir daha göstərdi".

Deputat hesab edir ki, bugünkü tədbir Azərbaycanı dünyaya bir daha tanıdacaq, Azərbaycanın nüfuzunu bir daha artıracaq.

"Eyni zamanda, Azərbaycanın təşkilata sədrliyi, təşkilat üzvlərinin daha da birliyinə, təşkilat üzvlərinin bir-birinə yardım göstərməsinə səbəb olacaqdır. Yekun sənədində - Bakı Bəyannaməsində hesab edirəm ki, həm aktual məsələlər, həm də hərəkat qarşısında duran problemlərə Bakıdan baxış öz əksini tapacaqdır və Azərbaycan bu tədbirin Bakıda keçirilməsi ilə öz tarixinə yeni çox uğurlu bir səhifə yazdı", - deyə A.Mirzəzadə vurğuladı.

Həmidə İBRAHİMLİ