"Diplomatik heyət qayıtsa da, İranla çox ehtiyatla davranmalıyıq" - Politoloq

 13:09 06.07.2023     483

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmasının gedişatını müzakirə edib.

Daha sonra Abdullahiyan jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb.

“Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək. Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”,-deyə İranın XİN rəhbəri qeyd edib.

Bəs, bu danışıqlardan sonra iki ölkə arasında yaranmış gərginliyin aradan qalxacağı və Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası mümkün görünürmü?

Mövzu ilə bağlı politoloq Fikrət Sadıxov Redaktor.az-a danışdı.

Politoloq bildirdi ki, İranla münasibətlərimiz gərginlik fazasında olsa da, diplomatik əlaqələri qırmamışıq.

“Biz sadəcə olaraq diplomatik heyətimizi oradan çıxarmışıq. İrana sübut etmişik ki, bu cür təxribatlara göz yummuruq. İstintaqın nəticələrini gözləməliyik və ondan sonra bir qərar qəbul edəcəyik. Onların xarici işlər naziri dövlət başçımıza bildirdi ki, artıq istintaq bitib. Amma hələ məlum deyil onların cəzası nə olacaq, terrorun arxasında kim dayanır, hansı məqsədlə törədilib. Bunların hamısı araşdırılıb bizə çatdırılmalıdır. Əgər biz onu həqiqətə uyğun bir versiya kimi, istintaqın nəticələri kimi qəbul etsək, addım-addım nəyəsə nail ola bilərik. Məsələn, diplomatik heyətin bir hissəsini qaytara bilərik. Amma həmin istintaqın nəticələri bizi qane etməlidir. Amma o demək deyil ki, biz tam mənada artıq İranla bütün münasibətlərimizi yüksək səviyyədə saxlayacağıq. Bilirik ki, onların siyasi prioritetləri nədən ibarətdir, bunu heç vaxt yaddan çıxarmırıq və həmişə nəzərə almalıyıq. Çünki diplomatik heyət qayıtsa da, İranla hər zaman çox ehtiyatla davranmalıyıq", - deyə keçmiş diplomat vurğuladı.

Humay İSGƏNDƏRLİ