"Makron erməni faşizminin əsas himayədarlarından biridir" - Vahid Əhmədov

 12:56 06.07.2023     253

“Fransada ötən ayın sonunda 17 yaşlı əlcəzairli gəncin öldürülməsiylə başlayan etiraz dalğası ölkədə böyük qarşıdurmaya səbəb oldu. Bu hadisə Fransada fərqli millətlərə qarşı etnik nifrət, dözümsüzlük və zorakılıq hallarının pik həddə çatdığını göstərdi. Afrika ölkələrində törətdiyi qətliamlara baxmayaraq, özünü demokratiya və insan haqlarının himayədarı kimi təqdim edən dövlətin öz xalqı ilə bu cür rəftarı Makron hökumətinin əsl simasını nümayiş etdirdi”.

Redaktor.az-ın məlumatına görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında bildirib.

Millət vəkili deyib ki, Makronun hakimiyyətə gəlişindən sonra bu kimi halların artması onun faşizmi və rasizmi dəstəkləyən, iki üzlü siyasətindən xəbər verir:

"44 günlük müharibə dövründə, eləcə də müharibədən sonrakı dövrdə ermənilərə açıqca dəstəyini əsirgəməyən, işğalçı dövlətlə həmrəylik nümayiş etdirən Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir. Azərbaycan ilə iqtisadi münasibətlərinə baxmayaraq, Makron hökuməti erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edərək danışıqlar prosesində ədalətli mövqe əks etdirmir. Makronun dövründə Fransada etnik-milli zəmində baş verən cinayətlərin və zorakılıqların artması isə onun irqçi siyasətinin ölkədaxili nizamı alt-üst etməsindən xəbər verir"

Vahid Əhmədovun fikrincə, Fransada ortaya çıxan etiraz dalğası, minlərlə insanın qorxmadan küçələrə çıxaraq cəsarətlə öz mövqeyini ifadə etməsi Fransa xalqının humanist və demokratik prinsiplərə sadiqliyini göstərir. 

"Əlbəttə, bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün bütün dünya, Fransa xalqına bu məsələdə açıq dəstəyini nümayiş etdirməlidir. Azərbaycan bu məsələdə öz qəti mövqeyini ortaya qoydu. Milli Məclisin məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciəti törədilən cinayətin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı Fransanın ikiüzlü siyasətini sərt tənqid etdi. İlham Əliyev çıxışında Fransada hökm sürən irqçilik və islamofobiyaya diqqət çəkərək, BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəklədiyini bildirdi. Ölkə başçısı, həmçinin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırım aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub Şərqi Asiya və digər ölkələrdən üzr istəməyə çağırdı" - deyən deputat hesab edir ki, Fransa dövləti bu kimi aksiyalardan nəticə çıxarmalıdır:

"Onlar Afrikadan, Orta Şərqdən köç etmiş miqrantlara, müsəlmanlara qarşı ədalətli mövqe sərgiləməlidirlər. Fransa miqrant siyasətinin sayəsində ölkəsini uzun illər ucuz işçi qüvvəsi ilə təmin edib. Demokratik prinsiplərə və insan haqlarına sadiqliyini nümayiş etdirmək istəyirsə, Fransa ilk növbədə insan haqlarına hörmət etməli və etnik-azınlıqlara qarşı cinayət və zorakılıq hallarından çəkinməlidir”.

Həmidə İBRAHİMLİ