"Heç bir Fransa lideri Makron qədər özünü dünyanın gözündə nüfuzdan salmayıb" - Politoloq

 14:52 06.07.2023     441

Ötən gün Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində çıxış edən Prezident İlham Əliyev Fransanın Qarabağdakı erməni seperatizmini dəstəklədiyini bəyan edib.

“Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil”,- deyə Azərbaycan lideri çıxışnda bildirib

Fransanın erməni seperatçılarını dəstəkləməkdə məqsədi nədir? Bununla nəyə nail olmaq istəyirlər?

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Redaktor.az-a danışdı.

Politoloq vurğuladı ki, Fransa erməni separatizminin Qarabağda baş qaldırdığı gündən bu hərəkata dəstək verib:

“Məhz bu səbəbdən Azərbaycan 1996-cı ildə Fransanın Minsk qrupunun həmsədri olmasına qəti şəkildə etiraz etmişdi. Ancaq heç vaxt Fransa hakimiyyəti erməniləri prezident Makronun dövründə olduğu qədər dəstəkləməyib və heç bir Fransa lideri Emmanuel Makron qədər aşağı səviyyəli bəyanatlar verməklə özünü bütün dünyanın gözündə nüfuzdan salmayıb. Sonuncu dəfə Marseldə erməni diasporunun nümayəndələri ilə görüşdə Makron fəxrlə iddia etdi ki, o, Azərbaycan prezidentinə guya təzyiq göstərir və bütün problem Paşinyanın zəifliyi ilə əlaqədardır. Həm Azərbaycan prezidentinə qarşı diplomatik etikaya qətiyyən sığmayan fikirlər söylədi, həm də Paşinyanı zərbə altda qoydu. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb Paşinyana dəstək verir və onun hakimiyyətdə qalmasını saxlamağa çalışır. Makronun və bundan əvvəlki fransız liderlərinin ermənilərə dəstək verməsinin kökündə nə dayanır? Ermənistan Frankofoniya təşkilatının üzvüdür, bu, fransız dilli dövlətlərin təşkilatıdır. Baxmayaraq ki, erməni dilinin fransız dili ilə heç bir əlaqəsi yoxdur, ancaq Ermənistan bu təşkilatın üzvüdür. Aktiv şəkildə də fəaliyyət göstərir.”

A.Səmədəov əlavə etdi ki, ikinci səbəb Ermənistan diasporunun gücü ilə bağlıdır.

“Fransanın 70 milyona yaxın əhalisi var və orada 700 mindən artıq erməni yaşamır. Böyük hissəsi Marseldə yaşayır, Marsel Fransanın ən böyük şəhərlərindən biridir. Liman şəhərdir, yəni elə böyük seçici ordusu yoxdur. Ancaq fransız siyasətçiləri ermənilərə xoş gələn bəyanatlar verməyi, xüsusilə seçkilər ərəfəsində çox sevirlər. Çünki erməni diasporasının maliyyə imkanları böyükdür və bu maliyyə imkanlarından yararlanmaq üçün hər bir prezidentliyə namizəd ermənilər barədə xoşagələn bəyanatlar verməyi özlərinə borc bilirlər. Sonuncu prezident seçkilərində bir neçə namizəd Ermənistana da gəlmişdi, hətta, onlardan biri gizli şəkildə Qarabağa da keçmişdi. Əsas maraq maliyyə maraqlarıdır. Təəssüf ki, Azərbaycan diasporası hələ Fransada zəifdir. Bu işi onlardan qat-qat gec başlamışıq. Ona görə hələlik Azərbaycan diasporu erməni diasporu ilə rəqabət apara biləcək səviyyədə deyil. Ermənilər bundan gen-bol istifadə edirlər, təbliğat təşkil edirlər. Deputatları, senatorları ələ alırlar, onların seçki kampaniyasına yardım edirlər. Prezident seçkilərində namizədlərə yardımlar göstərirlər, onların seçki kampaniyasında fəal şəkildə iştirak edirlər. Bu səbəbdən Fransa hakimiyyəti həmişə ermənipərəst mövqe tutub. Azərbaycan prezidentinin dünən Qoşulmama Hərəkatının tədbirində söylədiyi kimi, Fransa Afrikada törədiyi soyqırım aktlarına görə ərəblərdən, Afrika dövlətlərindən üzr istəməlidir. İnşallah gün gələr ki, Azərbaycana qarşı tutduğu bu ədalətsiz mövqeyə görə, separatizmi dəstəklədiyinə görə və bölgəmizə gətirdiyi fəlakətlərə görə Azərbaycan xalqından da üzr istəmək məcburiyyətində qalar”, - deyə politoloq vurğuladı.

Humay İSGƏNDƏRLİ