"Şəxsimə törədilən terrorun təşkilatçıları İranın himayəsi altında gizlənir" - Fazil Mustafa

 18:00 06.07.2023     505

Ötən gün Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmanın gedişatını müzakirə edib.

Daha sonra Abdullahiyan səfirlikdə terror törədən şəxslə bağlı jurnalistlərə açıqlama verib.

“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək. Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”,-deyə İranın XİN rəhbəri qeyd edib.

Maraqlıdır, danışıqlardan sonra Azərbaycan və İran arasında yaranmış gərginlik aradan qalxacaqmı? Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası mümkündürmü?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a danışdı.

Millət vəkili bildirdi ki, bu istiqamətdə Azərbaycanın konkret tələbləri var və bu tələblər bilavasitə İranın özündən qaynaqlanır:

“Səfirliyimizə hücum, Azərbaycanda terror aktı və başqa məsələlərə İranın birbaşa aid olması, etibarlılığı azaldır. Ona görə də bu istiqamətdə İran tərəfindən konkret açıqlamaların verilməsi vacibdir. Digər tərəfdən, şəxsimə qarşı törədilən terror aktının da təşkilatçıları birbaşa İranda dövlətin himayəsi altında gizlənirlər. Onların da məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycan tərəfinin çağırışlarına cavab verilməlidir. Əgər doğrudan da ciddi etimad bərpa etmək istəyirlərsə, bu istiqamətdə mütləq addımlar atılmalıdır. Əks halda bu etibarı qazanmaq çox çətin olacaq. Çünki dəfələrlə bu istiqamətdə xoşməramlı addımların atılacağı söylənilsə də, arxada yenə də Ermənistanın maraqlarından çıxış edən siyasət izlənilib. Bu da bizim üçün çox üzücüdür. Ümid edək ki, bu situasiyada ciddi dəyişikliklər baş verib".

Humay İSGƏNDƏRLİ