"Rus hərbçilərin bizim ərazimizdə bayrağımızı ermənilərin gözü qarşısında yerə atması dözülməzdir" - Deputat

 13:16 07.07.2023     687

Xəbər verdiyimiz kimi, erməni-rus mənbələri bu il iyunun 15-də Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının quraşdırılması zamanı baş verən insidentin daha geniş görüntülərini yayıblar.

Görüntülərdən Azərbaycan bayrağı birinci dəfə qaldırılandan sonra onun rusiyalı hərbçi tərəfindən çıxarılıb yerə atıldığı aydın olur.

Rus sülməramlısının Azərbaycana bayrağına qarşı hörmətsizliyi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Bəs, Azərbaycan Rusiya hərbçilərinin dövlət bayrağımıza qarşı təhqirinə necə cavab verməlidir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat söylədi ki, rus hərbçiləri əslində sülhməramlı deyil:

“Onlar Rusiya dövlətinə məxsus hərbi kontingentdir. Bizim ərazimizə daxil olandan sülhməramlılıq etməyiblər, erməniməramlılıq ediblər. Gəldikləri andan separatçılarla, cinayətkarlarla, terrorçularla olan əməkdaşlıqları haqqında dəfələrlə danışmışıq. Azərbaycan tərəfi olaraq Azərbaycanın rəhbərliyi rəsmi şəkildə dəfələrlə Rusiya dövlətinə, bunların hərəkətləri ilə bağlı etirazlarını bildirib, məlumatlar verib. Ancaq bunlar öz bildiklərini edirlər. Təbii ki, özbaşına deyillər. Mərkəzdən - Moskvadan bunlara hansı tapşırıq verilirsə, onu icra edirlər. İndi bizim ərazimizdə bizim bayrağımızı ermənilərin gözü qarşısında yerə atması dözülməzdir. Bu bayrağımıza, dövlətimizə ərazi bütövlüyümüzə qarşı olan həqarətdir, təhqirdir. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq rəsmi qaydada buna münasibət bildirəcək.”

Humay İSGƏNDƏRLİ