"Azərbaycan bayrağına hörmətlə yanaşmayanlar öz layiqli cavablarını alacaqlar" - Deputat

 15:58 07.07.2023     647

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı Həkəri çayının üzərindəki körpüdə ucaldılan bayrağımıza qarşı hörmətsizlik ediblər.

Görüntülərdə sülhməramlıların Azərbaycan bayrağını dirəklə bərabər yerə atdıqları aydın görünür. 

Bəs, Azərbaycan Rusiya hərbçilərinin dövlət bayrağımıza qarşı təhqirinə necə cavab verməlidir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Deputat bildirdi ki, həmin görüntülər həm sosial şəbəkələrdə, həm də insanlar arasında geniş müzakirə olunur:

“Sülhməramlıların və Ermənistanın tör-töküntülərinin diqqətinə çatdırırıq ki, bu ərazilər Azərbaycan ərazilərdir. Rusiya sülhməramlıları o əraziyə Azərbaycanın razılığı ilə gəliblər. Yəni Azərbaycanın razılığı olmadan heç kim Azərbaycanın ərazisinə daxil ola bilməz. Bilavasitə borcları ondan ibarətdir ki, burada həm Azərbaycan qanunlarına, həm də Azərbaycan bayrağına hörmətlə yanaşsınlar. Bunu etməyənlər, Azərbaycan bayrağına hörmətlə yanaşmayanlar öz layiqli cavablarını alacaqlar. Bu cür addımın atılması birmənalı olaraq qəbuledilməzdir və çox ciddi şəkildə qınanılır, qınanılmalıdır. Dəfələrlə deyirik ki, həm, Rusiya sülhməramlıları, həm də Ermənistan tərəfi Azərbaycan üçün həssas olan məsələlərə çox diqqətlə və həssaslıqla yanaşmalıdır. Düşünməsinlər ki, onların bu addımı cavabsız qalacaq və Azərbaycan buna heç bir reaksiya verməyəcək. Bu məsələdə reaksiyamız çox kəskin olacaq. Heç kim Azərbaycanın bayrağına hörmətsiz yanaşa bilməz, xüsusilə də Azərbaycan ərazisindən söhbət gedir".

C.Məmmədov qeyd etdi ki, Azərbaycan və Rusiya arasında münasibətlər yüksək səviyyədədir:

"Yəni ölkə rəhbərləri səviyyəsində də bu münasibətlər yüksəkdir. Bu gün münasibətlərin qorunması və güclənməsi üçün davamlı olaraq addımlarımızı atırıq. Rusiya tərəfinin və sülhməramlılarının bu addımı ikitərəfli əlaqələrə və münasibətlərə xələl gətirən bir məsələdir", - deyə o, bildirdi.

Humay İSGƏNDƏRLİ