"Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır" - Deputat

 14:46 07.07.2023     294

"BMT Beynəlxalq Məhkəməsinin bizim Laçında nəzarət-buraxılış məntəqəsi qurmamızla bağlı Ermənistanın qaldırdığı iddianı rədd etməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərdən proksi kimi faydalanan digər dövlətlərə zərbədir. Yəqin belə bir qərar çıxarılacağını, burada da canfəşanlığının nəticəsiz qaldığını rəsmi Paris öncədən bildiyindən Fransanın xarici işlər naziri Katrin Kolonna dünən kiçiyi Ararat Mirzoyana zəng edib təsəlli verirdi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır.

"Onlar rədd olub oradan getməsələr zərərsizləşdiriləcəklər. Çünki özünə hörmət edən heç bir dövlət izni olmadan torpağında kiminsə ordusunun tör-töküntülərinin varlığıyla barışa bilməz", - deyə deputat bildirib.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib.

Turan İSMAYIL