Bakıdan dünyaya önəmli çağırışlar

 16:57 07.07.2023     302

Cari ilin iyul ayının 5-də Bakı dünyanın çoxsaylı ölkələrinin diqqət mərkəzində oldu. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü mühüm mesajların, çağırışların səsləndiyi növbəti əhəmiyyətli tədbir oldu.

Bildiyimiz kimi, 2011-ci ildə Azərbaycan Hərəkata tamhüquqlu üzv qəbul ediləndə reaksiyalar birmənalı olmamışdı, o zaman postsovet məkanındakı bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanın Qoşulmama Hərəkatının sırasına qoşulmasına tənqidi yanaşanlar da az deyildi. Amma ötən illərin təcrübəsi, keçmiş sovet coğrafiyasında baş verənlər, qanlı müharibələr göstərdi ki, Azərbaycan tamamilə doğru-düzgün seçim edib, seçdiyi istiqamətdə yanılmayıb. Quruma üzvlükdən beş il sonra, 2016-cı ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Bakıda keçirilməsi, üstəlik 2019-cu ildə sədrliyin ölkəmizə keçməsi haqqında yekdilliklə qərarın qəbul olunması da Azərbaycanın uğurlu xarici siyasətinin, təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrində zərgər dəqiqliyi ilə çalışmasının məntiqi nəticəsiydi. Azərbaycana yüksək etimadın göstəricisidir ki, 2019-cu ildə ona həvalə olunan sədrlik hələ də uğurla davam edir, ilbəil bu etimad çoxsaylı üzv ölkələr tərəfindən rəsmiləşdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən nazirlər görüşündəki çıxışında Azərbaycana yüksək beynəlxalq etimaddan məmnunluğunu bildirərək qeyd etdi ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Torpaqlarının işğalda olduğu on illər boyunca beynəlxalq səviyyədə ikili standartlardan əziyyət çəkən Azərbaycan üzləşdiyi haqsızlıqlara baxmayaraq, ədalət keşikçisi rolunda çıxış etdi. Hətta bəşəriyyət koronavirus sınağı ilə üz-üzə qaldığı dönəmlərdə də ölkəmiz yalnız öz vətəndaşlarının taleyini düşünmədi, paralel qaydada ədalətsiz peyvənd bölgüsünə məruz qalanların haqlarının müdafiəçisi qismində çıxış etdi. Dövlət başçısının xatırlatdığı kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Azərbaycanın sədrlik etdiyi dönəmdə Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Hərəkatın koronavirusla mübarizədə liderliyinə dəlalət edir, bu tarixi missiya isə məhz ölkəmizin liderliyi ilə həyata keçirildi.

Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində də işlər aparılır. Lakin Azərbaycan bütün bunlarla da kifayətlənmək niyyətində deyil. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli oldu. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Quruma üzv olan ölkələrlə yanaşı, aktiv müşahidəçilər və digər beynəlxalq platformaların təmsilçiləri də ölkəmizin aktiv fəaliyyətini qeyri-ixtiyari izləyirlər. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Ümumdünya Səhiyyə Təşkilatına ölkəmizin 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə dəstəyi verməsi, üstəlik, beş ölkəni peyvəndlə təmin etməsi işğalın və postmüharibə dövrünün çətinlikləri ilə təkbaşına mübarizə aparan bir dövlətin fədakarlığının, bəşəri dəyərlərə sadiqliyinin bariz nümunəsidir.

Azərbaycan dövləti beynəlxalq hüququn təməl prinsiplərinə sadiq qalaraq bu təşkilata sədrlik etdiyi dönəmdə də davamlı şəkildə qlobal çağırışla çıxış edir. Cənab Prezident də Bakı toplantısında bəzi xatırlatmaları ilə vacib məsələlərə bir daha diqqət yönəltdi. Vurğuladı ki, Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib. Bununla kifayətlənməyən Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırıb. Azərbaycan lideri təşkilatın və onlarla ölkənin taleyində mühüm əhəmiyyət kəsb edən yeni ideya müəllifi olaraq bildirdi ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Həmçinin hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır.

Bu gün Azərbaycan dünyada yeni düzən yaradılması istiqamətində qətiyyətli təşəbbüslərlə çıxış etməkdə, addımlar atmaqdadır. Eyni zamanda görünən budur ki, Qoşulmayanlar dünyada baş verənləri görməzdən gəlmək niyyətində deyil, artıq həm də qoşulanlar statusunda çıxış edirlər: haqqı pozulanların, ərazi bütövlüyü, suverenliyi pozulanların səsinə səs verənlərdir, Azərbaycanın sədrlik dönəmi bu təşkilata yeni nəfəs verməkdədir.

Lətafət Tağıyeva,

Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi