Rəsmi İrəvan minalarla bağlı öhdəliyini yerinə yetirmir

 18:19 07.07.2023     326

Prezident İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında bildirdi ki, bu gün azad edilmiş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri aparılır. Lakin bu nəhəng işlərimizə bəzi çətinliklər törədən amillər mövcuddur. Əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində çox sayda Azərbaycan vətəndaşı həlak olub və yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

Ermənistan üç ilə yaxındır ki, verdiyi vədlərə əməl etmir. Rəsmi Bakı beynəlxalq qurumlarda regional məsələlərə dair görüşlərdə rəsmi İrəvandan minaladığı ərazilərin xəritəsini verməsini tələb edir. Qarşı tərəf isə bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Beynəlxalq ictimaiyyət Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı saxladığı və məhkəmənin ədalətli qərarı ilə mühakimə olunan cinayətkarların Ermənistana təhvil verilməsini istəyir. Bununla bağlı rəsmi Bakıya təzyiq göstərənlər erməni cinayətkarların təhvil verilməsi məsələsini humanizm adlandırırlar. Təəssüf ki, Azərbaycan dövləti torpaqlarının işğal altında qaldığı müddət ərzində üzləşdiyi ədalətsizliklərlə yenə qarşılaşır. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yürütdüyü gizli müharibə və terror siyasətini görməzlikdən gəlir. 44 günlük müharibə başa çatandan sonra işğalçı ölkənin məmuru itkin düşənlərin ailə üzvləri ilə görüşdə ermənilərin verdiyi itkidən daha çoxunu Azərbaycanın verəcəyi və ona qarşı gizli müharibə aparacaqları vədini vermişdi.

Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistan silahlılarından təmizlənsə də, onların basdırdıqları minaların dəqiq xəritələrini verməmələri hələ də işğalçı siyasətin davam etdiyini deməyə əsas verir. Bu onu göstərir ki, Ermənistan üzdə əməkdaşlıq və əlaqələrin bərpası, normallaşma prosesindən danışsa da, əslində Azərbaycana qarşı düşmənçilik, kin və nifrət bəsləyir.

Ermənistan iki ölkə sərhədlərini də minalayır. Bu, onların xoşməramlı olmayan qonşu xislətinin göstəricisidir. Rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı təkiflərindən boyun qaçırır, ən yaxşı halda yayınmağa çalışır. Bu, Ermənistanın regionda təhlükəsizliyi təhdid etməsi, sabitliyə və əməkdaşlığa qarşı çıxması kimi də dəyərləndirilə bilər. Hakimiyyət dəyişikliyi olsa da, ölkəni idarə edənlərin Azərbaycana, eləcə də qonşulara olan nifrət və kini dəyişmir.

Yeri gəlmişkən, Azərbaycan torpaqlarında müvəqqəti yerləşən Rusiya sülhməramlıları və onların himayə etdikləri ermənilər arasında indiyədək mina partlaması hadisəsi, demək olar ki, qeydə alınmayıb. Bu, həm də Rusiya və Ermənistanın əlində minalanmış ərazilərin xəritəsinin olduğunu bir daha təsdiqləyir. Çünki Rusiya hərbçiləri də işğaldan təmizlənən ərazilərə səfərlər edirlər. Amma haqlı sual ortaya çıxır: Bəs onlar niyə minaya düşmürlər? Göründüyü kimi, Ermənistanın etimad və etibar qazanması üçün torpaqların minalardan təmizlənməsi istiqamətində də Azərbaycanla əməkdaşlıq etməsi vacib şərtlərdəndir. Rəsmi İrəvanın bu yöndə addımlar atmaması, onun normallaşma prosesinə, əməkdaşlığa və regionda sülhün yaranmasına qarşı olduğunu isbatlayır.

44 günlük müharibənin nəticəsinə əsasən, kapitulyasiya aktına, bəyanata Paşinyanla yanaşı, vasitəçi kimi və təminatçı dövlət olaraq Rusiya Prezidenti Vladimir Putin də imza atıb. Ərazilərin minalardan təmizlənməsi və Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına vasitəçilik edənlərdən biri də Rusiyadır. Ermənistan hökumətinin başçısı minalardan təmizlənmə məsələsində əməkdaşlıq etməməklə Rusiya və onun başçısının beynəlxalq imicinə zərbə vurur. Habelə Avropa İttifaqı, ABŞ-ın sülhyaratma, əməkdaşlıqla bağlı çağırışlarını qulaqardına vurur. Ermənistan bu davranışı ilə demək istəyir ki,qozbeli qəbir düzəldər.

Ramil Zeynalov,

Salyan rayonu, Filologiya üzrə fəlsəfə doktoru, YAP fəalı