"Albaniya prezidentinin Azərbaycana səfəri münasibətlərimizi daha da möhkəmləndirəcək" - Deputat

 18:02 07.07.2023     269

"Albaniya ilə münasibətlərimiz ildən-ilə möhkəmlənir. Hər iki ölkə islami dəyərlərə bağlı olan ölkələrdir. Həm Azərbaycan, həm Albaniya Türkiyəyə həddən artıq yaxın olan ölkələrdir və bu faktorlar əlbəttə ki, bizləri bir-birinə daha da yaxınlaşdırır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Albaniya Prezidenti Bayram Beqayın Azərbaycana səfərini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlardakı bir-birimizə verdiyimiz diplomatik dəstəklər hər iki ölkə cəmiyyəti tərəfindən görülür və qiymətləndirilir:

"Albaniyanın "Frankoniya" təşkilatında anti-Azərbaycan qətnaməsinin qəbul edilməsinin əleyhinə çıxması, onun Azərbaycana bağlılığını göstərən məsələdir. Eləcə də Azərbaycan da beynəlxalq təşkilatlarda həmişə Albaniya ilə bağlı məsələlərdə mövqeyini müdafiə edir. Əlbəttə ki, bu səfər iki ölkəmizin münasibətlərini daha da dərinləşdirəcək və əməkdaşlığımızı gücləndirəcək. Yeni sahələr üzrə əməkdaşlıq mümkündür. Azərbaycan Albaniya iqtisadiyyatına investisiya qoya bilər. Nəzərə alsaq ki, Albaniya Avropanın cənubunda yerləşir və mərkəzi inkişaf etmiş Avropa ölkələrinə yaxındır. Azərbaycan investisiyası həmin ölkənin inkişafı ilə yanaşı, eyni zamanda Azərbaycan üçün iqtisadi cəhətcə sərfəli ola bilər. Prinsip etibarı ilə hər bir ölkə daha çox dost qazanmağa, beynəlxalq birlikdə yaxşı münasibətdə olduğu ölkələrin sayını artırmağa çalışır. Yəni bu prinsip bu gün həm Azərbaycan, həm də Albaniya üçün yetərlidir və hesab edirəm ki, Albaniya prezidentinin Azərbaycana səfəri münasibətlərimizi daha da möhkəmləndirəcək".

Həmidə İBRAHİMLİ