"Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiasını haqlı olaraq rədd etdi" - Deputat

 15:48 08.07.2023     684

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd edib.

Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu qərarı Redaktor.az-a şərh etdi.

O bildirdi ki, Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia hüquqi baxımdan absurd, məntiq baxımından izah edilən deyildi:

“Çünki iddianın predimetini bir ölkənin öz ərazisində suveren hüquqlarını tətbiq etməsinin doğru olmadığı kimi əsasız tələb təşkil edirdi. Üstəlik Ermənistan bu iddianı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə beynəlxalq Konvensiya ilə əlaqələndirməyə çalışırdı. Ancaq Beynəlxalq Ədalət Məhkəməsi bu iddianı tamamilə haqlı olaraq rədd etdi. Qəbul edilən qərar bir daha sübut etdi ki, dünya ermənilər kimi yalançı illuziyalarla deyil, beynəlxalq hüquq və siyasi reallıqlar içərisində yaşayır. Bu qərar bir daha Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yartmaqda tamamilə haqlı olduğunu göstərdi. Eyni zamanda həm də Qarabağda yaşayan ermənilərin Azərbaycanın yurisdiksiyasını qəbul etməsinin zəruruiliyini də ortaya qoydu", - deyə H.Babaoğlu qeyd etdi.

Humay İSGƏNDƏRLİ