İlham Əliyevdən vacib çağırışlar: Makrona humanizm və siyasi əxlaq dərsi

 22:00 09.07.2023     716

Ötən həftə Bakı önəmli bir toplantıya ev sahibliyi etdi. İyulun 5-də Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünü önəmli edən isə Prezident İlham Əliyevin dünyaya verdiyi vacib, cəsarətli çağırışları idi.

Dövlət başçısı bildirdi ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır:  “Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir”.

Prezident əvvəllər qeyd etdiyi kimi, bird aha bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir: “Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.

İlham Əliyev bəyan etdi ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Dövlət başçısı bildirdi ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. İlham Əliyev qeyd etdi ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.

“Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur” -  deyən Azərbaycan lideri cəsarətlə bəyan etdi ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.

İlham Əliyev qeyd etdi ki, əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Prezident həmçinin bildirdi ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır: “Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil.

Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.

İlham Əliyev çıxışı zamanı Ermənistanın hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməsinə də diqqət çəkib. Prezident bildirib ki, bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı zamanı minalarla çirkləndirildiyini qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. Odur ki, İlham Əliyev Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib.

Qoşulmama Hərəkatının Bakı toplantısını toplatısını və Prezident İlham Əliyevin çıxışını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə öncə bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu təşkilata yeni nəfəs gətirdi:

"1961-ci ildə yaranan və hər dövrdən dövrə nüfuzunu artıran bu təşkilat 2019-cu ildə təşkilata yeni üzv olmuş Azərbaycana sədrlik həvalə etdi. Sədrlik bir qayda olaraq, iki illik olur. Ancaq Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasına, hərəkata daxil olan ölkələrin problemlərinin beynəlxalq birlikdə qaldırılmasına səbəb oldu və eyni zamanda, Azərbaycan sədrliyi dövründə bütün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bu məsələ ilə bağlı BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılmasına nail olub. Özü də 40-a qədər ölkəyə yardım göstərdi. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər Birliyi yaradıldı və onlar uğurla davam etdirilir. Bunun nəticəsidir ki, artıq iki ildir Azərbaycanın sədrliyi daha bir illiyə artırılır. Qoşulmama Hərəkatı tarixində belə bir nüfuza vaxtilə 1964, 70-ci ildə Misir nail olmuşdur. Və Bakıda hərəkatın Xarici İşlər Nazirləri Bürosunun iclasının keçirilməsi Azərbaycanın artan nüfuzunu, Azərbaycanın bir çox dünya məsələlərinə dair Qoşulmama Hərəkatının üzvlərinin maraqlarına cavab verən mövqeyi olduğunu bir daha göstərir”.

Deputat hesab edir ki, İlham Əliyev müraciətində bir çox aktual məsələlərə toxundu:

“Eyni zamanda, Fransa barəsində cəsarətlə dediyi "Fransa üzr istəməlidir" fikri, Azərbaycanın artan nüfuzunu, Azərbaycanın hansısa bir məsələni açıq şəkildə həmişə bildirməsini bir daha göstərdi".

A.Mirzəzadənin fikrincə, Bakı toplantısı Azərbaycanı dünyaya bir daha tanıdacaq, Azərbaycanın nüfuzunu bir daha artıracaq.

"Eyni zamanda, Azərbaycanın təşkilata sədrliyi, təşkilat üzvlərinin daha da birliyinə, təşkilat üzvlərinin bir-birinə yardım göstərməsinə səbəb olacaqdır. Azərbaycan bu tədbirin Bakıda keçirilməsi ilə öz tarixinə yeni çox uğurlu bir səhifə yazdı", - deyə millət vəkili vurğuladı.

Milli Məclisin deputatı Naqif Həmzəyev də hesab edir ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşünün Bakıda keçirilməsi əlamətdar bir hadisədir.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının fəaliyyətində biz fərqli cəhətləri görə bildik:

"İlk növbədə, Qoşulmama Hərəkatı nüfuzunu daha da artırmış oldu. Daha kompakt, daha işgüzar və daha ciddi addımlar atmaqla yanaşı, təşkilat üzvləri arasında koordinasiyanın ən yüksək səviyyədə təşkil olunmasının da biz şahid ola bildik və Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı sədri olaraq bir çox təşəbbüslər irəli atıldı. Pandemiya dövründə bir çox ölkələrə humanitar yardım göstərildi. Ədalətli vaksin bölüşdürülməsi ilə əlaqədar cənab Prezidentin təşəbbüsü BMT tərəfindən dəstəkləndi və xüsusi iclas keçirildi. Bütün bunlarla yanaşı, Azərbaycanda təşkil olunan görüşlərdə cənab Prezident BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı bir çox təkliflə çıxış etdi. Cənab prezident son Bakı toplantısında öz çıxışında Fransanın işğalçı və müstəmləkəçi siyasətinə son qoyması, zülm verdiyi, işgəncə verdiyi, soyqırım törətdiyi xalqlardan və dövlətlərdən üzr istəməsini və keçmişdə həyata keçirdiyi işlərə görə üzrxahlıq bildirməsinin vacibliyini səsləndirib. Bütün bunlarla yanaşı, bu cür böyük bir platformada Azərbaycan yalnız öz maraqlarının qorunmasını deyil, bütün bu təşkilata üzv olan dövlətlərin maraqlarının qorunması üçün aktiv fəaliyyət göstərmiş oldu. Prezident Fransanın səhvləri ilə bağlı, vaksinlərin ədalətsiz paylanması ilə bağlı, BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətinin heç də ədalətli olmamağını və müasir dövrün tələblərinə cavab verməməsinin səsləndirilməsi və BMT-nin Təhlükəsizlik Şurasında mütləq Afrika ölkələrindən birinin təmsil olunması, müsəlman dövlətlərindən birinin təmsil olunmasının vacibliyini bildirməsi demək olar ki, bu günə qədər səsləndirilməmiş təkliflər idi. Cənab Prezidentin bu cür cəsarətli fikirlər irəli sürülməsi təşkilata üzv olan dövlətlərin hər birinin marağına səbəb oldu və Azərbaycanın liderliyində Qoşulmama Hərəkatının fəaliyyətinin çox uğurlu olması hər kəs tərəfindən səsləndirilən fikirlərdən biri halına gəlib çatdı. Bu günləri də biz cənab Prezidentin çıxışında Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edərək 44 günlük Vətən müharibəsinin gedişində və daha sonra BMT Təhlükəsizlik Şurası tərəfindən, daha doğru desək, Fransanın və Ermənistanın istəyi ilə Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinin əleyhinə səs vermələrinə görə təşəkkür edilməsi də onu deməyə imkan verir ki, Azərbaycan bu mühüm platformanı ədalətli bir təşkilata çevirə bildi və ədalət naminə yeri gəldikdə bu dövlətlər qərar verə bildilər, böyük güclərin qarşısını kəsə bildilər".

Deputatın fikrincə, Azərbaycan həm bütün dövlətlərin, o cümlədən öz maraqlarının qorunmasında Qoşulmama Hərəkatının imkanlarından maksimum dərəcədə istifadə edib və bu gündən sonra da edəcəkdir:

"Ən əsas odur ki, Qoşulmama Hərəkatı artıq sayılan, seçilən və söz sahibi olan bir təşkilata çevrilib. Azərbaycanın da bu təşkilata sədrliyi dövründə biz çox uğurlu yol qət edə bilmişik. Nazirlərin toplantısında Türkiyə Cümhuriyyətinin xarici işlər naziri hörmətli Hakan Fidanın da iştirak etməsi bir daha dünyaya nümayiş etdirdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır və Azərbaycan bu ağır, çətin yolda Türkiyə ilə birlikdə addımlayır, Türkiyənin həm xeyir işində, həm çətin günlərində Azərbaycan onu dəstəkləməkdədir. Ümumilikdə, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təşkilatdır və Azərbaycanın rəhbərliyi ilə bu təşkilat daha da güclənib. Bu gündən sonra gələcək dövrdə təşkilata rəhbərlik edəcək başqa ölkələr də Azərbaycanın təcrübəsindən maksimum yararlanacaqdır. Xüsusilə cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatı parlament şəbəkəsinin yaradılmasının, Gənclər Təşkilatının formalaşdırılması ideyasını daha da inkişaf etdirəcəkdirlər. Mən düşünürəm ki, məhz ədalətli, dayanıqlı dünya qura bilməyimiz üçün Qoşulmama Hərəkatı çox böyük işlərin öhdəsindən gələ biləcəkdir. Eyni zamanda, məhz Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərin görüşü mən düşünürəm ki, Azərbaycan həqiqətlərinin Qarabağ məsələsi ilə bağlı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı, sonuncu vəziyyətlə bağlı onları məlumatlandırılması üçün əla bir fürsət oldu. Və cənab Prezident öz çıxışında Ermənistanın yanlış mövqeyini, Zəngəzur dəhlizinin açılmaması səbəbini, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində quldur dəstələrinin, erməni qanunsuz silahlı birləşmələrinin təxribatlar törətməsi məsələlərinə də toxundu. Biz ümid edirik ki, bu toplantıda da bir çox tərəflər Azərbaycanın gücünü daha yaxşı dərk edəcəklər və Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın regionda vermək istədiyi töhfələri düzgün dəyərləndirəcəklər, qiymətləndirəcəklər".

N.Həmzəyev qeyd etdi ki, region dövlətləri və qlobal məkanda Azərbaycana olan maraq günü-gündən artmaqdadır:

"Biz ümid edirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rol qədər nəqliyyat dəhlizinə çevrilməsi faktoru da Azərbaycanın gücünə güc qatır və Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyində də öz inkişafını gücləndirəcəkdir. Azərbaycan bu mühüm platformanı həmişə olduğu kimi, bu günləri də öz xeyrinə, öz məqsədlərinə yaxşı mənada istifadə edə biləcəkdir".

Milli Məclisin deputatı Elman Məmmədov isə dövlət başçısının Fransa ilə bağlı səsləndirdiyi fikirlərə toxundu. O, qeyd etdi ki, Fransanın son 250 illik tarixinə baxsaq, biz orda işğallar, müstəmləkəçilik, müstəmləkə altında saxlanılan ölkələrin xalqlarına etdiyi zülm görərik.

Deputat hazırda Fransada 17 yaşlı Əlcəzair əsilli vətəndaşın polis tərəfindən güllələnərək öldürülməsindən sonra baş verən iğtişaşlara toxunaraq bildirdi ki, iğtişaşlarda iştirak edənlərin  50 faizindən çoxu həmin o əvvəlki müstəmləkə dövlətlərindən olan insanlardır.

Onun sözlərinə görə, etirazçılar Fransadakı antidemokratik quruluşa qarşı, insan haqlarının pozulmasına qarşı səslərini ucaldırlar, etiraz edirlər:

"Onlar Fransaya dərs verirlər. Yəni Fransanın onlara etdiyi zülmü, hissə-hissə fransızlara başa salırlar”.

E.Məmmədov bildirdi ki, Azərbaycan liderinin bəyan etdiyi kimi Fransa Prezidenti Emmanuel Makron fransızların müstəmləkəçiliyə, soyqırıma məruz qoyduğu xalqlardan üzr istmələdir. Həmçinin hazırda Fransada baş verən irqi ayrı-seçkiliyə görə fransız xalqı, siyasətçiləri bundan nəticə çıxartmalıdırlar və Makronu yola salmalıdırlar.

“Təkcə yola salmaqla kifayətlənməməlidir. Mən hesab edirəm ki, Makronun prezidentlik dövrü vaxtından qabaq başa çatdırılmalıdır və onun prezidentlik dövründə fransız xalqına, fransız hökumətinə, Fransada yaşayan qeyri-fransızlara, qeyri-dindən olanlara qarşı elədiklərinə görə ona bir neçə maddə ilə cinayət işi qaldırılmalıdır və mühakimə olunmalıdır”, - deyə deputat vurğuladı.

Millət vəkili Vahid Əhmədov da bildirdi ki, Fransada 17 yaşlı əlcəzairli gəncin öldürülməsiylə başlayan etiraz aksiyalarında fərqli millətlərə qarşı etnik nifrət, dözümsüzlük və zorakılıq halları pik həddə çatıb. Onun sözlərinə görə, Afrika ölkələrində törətdiyi qətliamlara baxmayaraq, özünü demokratiya və insan haqlarının himayədarı kimi təqdim edən dövlətin öz xalqı ilə bu cür rəftarı Makron hökumətinin əsl simasını nümayiş etdirdi.

V.Əhmədov Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fransanın Qarabağdakı erməni separatizmini dəstəkləməsindən, ölkələrin daxili işlərinə qarışmasından da danışdı:

"44 günlük müharibə dövründə, eləcə də müharibədən sonrakı dövrdə ermənilərə açıqca dəstəyini əsirgəməyən, işğalçı dövlətlə həmrəylik nümayiş etdirən Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir. Azərbaycan ilə iqtisadi münasibətlərinə baxmayaraq, Makron hökuməti erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edərək danışıqlar prosesində ədalətli mövqe əks etdirmir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı Fransanın ikiüzlü siyasətini sərt tənqid etdi. İlham Əliyev çıxışında Fransada hökm sürən irqçilik və islamofobiyaya diqqət çəkərək, BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəklədiyini bildirdi. Ölkə başçısı, həmçinin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırım aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub Şərqi Asiya və digər ölkələrdən üzr istəməyə çağırdı" - deyən deputat hesab edir ki, Fransa dövləti hazırda ölkədə baş verən aksiyalardan nəticə çıxarmalıdır:

"Onlar Afrikadan, Orta Şərqdən köç etmiş miqrantlara, müsəlmanlara qarşı ədalətli mövqe sərgiləməlidirlər. Fransa miqrant siyasətinin sayəsində ölkəsini uzun illər ucuz işçi qüvvəsi ilə təmin edib. Demokratik prinsiplərə və insan haqlarına sadiqliyini nümayiş etdirmək istəyirsə, Fransa ilk növbədə insan haqlarına hörmət etməli və etnik-azınlıqlara qarşı cinayət və zorakılıq hallarından çəkinməlidir”.

Politoloq Abutalıb Səmədov da vurğuladı ki, Fransa erməni separatizminin Qarabağda baş qaldırdığı gündən bu hərəkata dəstək verib. Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan 1996-cı ildə Fransanın Minsk qrupunun həmsədri olmasına qəti şəkildə etiraz etmişdi:

“Ancaq heç vaxt Fransa hakimiyyəti erməniləri prezident Makronun dövründə olduğu qədər dəstəkləməyib və heç bir Fransa lideri Emmanuel Makron qədər aşağı səviyyəli bəyanatlar verməklə özünü bütün dünyanın gözündə nüfuzdan salmayıb. Sonuncu dəfə Marseldə erməni diasporunun nümayəndələri ilə görüşdə Makron fəxrlə iddia etdi ki, o, Azərbaycan prezidentinə guya təzyiq göstərir və bütün problem Paşinyanın zəifliyi ilə əlaqədardır. Həm Azərbaycan prezidentinə qarşı diplomatik etikaya qətiyyən sığmayan fikirlər söylədi, həm də Paşinyanı zərbə altda qoydu. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb Paşinyana dəstək verir və onun hakimiyyətdə qalmasını saxlamağa çalışır. Makronun və bundan əvvəlki fransız liderlərinin ermənilərə dəstək verməsinin kökündə nə dayanır? Ermənistan “Frankofoniya” təşkilatının üzvüdür, bu, fransız dilli dövlətlərin təşkilatıdır. Baxmayaraq ki, erməni dilinin fransız dili ilə heç bir əlaqəsi yoxdur, ancaq Ermənistan bu təşkilatın üzvüdür. Aktiv şəkildə də fəaliyyət göstərir”.

A.Səmədəov əlavə etdi ki, ikinci səbəb Ermənistan diasporunun gücü ilə bağlıdır.

“Fransanın 70 milyona yaxın əhalisi var və orada 700 mindən artıq erməni yaşamır. Böyük hissəsi Marseldə yaşayır, Marsel Fransanın ən böyük şəhərlərindən biridir. Liman şəhərdir, yəni elə böyük seçici ordusu yoxdur. Ancaq fransız siyasətçiləri ermənilərə xoş gələn bəyanatlar verməyi, xüsusilə seçkilər ərəfəsində çox sevirlər. Çünki erməni diasporasının maliyyə imkanları böyükdür və bu maliyyə imkanlarından yararlanmaq üçün hər bir prezidentliyə namizəd ermənilər barədə xoşagələn bəyanatlar verməyi özlərinə borc bilirlər. Sonuncu prezident seçkilərində bir neçə namizəd Ermənistana da gəlmişdi, hətta, onlardan biri gizli şəkildə Qarabağa da keçmişdi. Əsas maraq maliyyə maraqlarıdır. Təəssüf ki, Azərbaycan diasporası hələ Fransada zəifdir. Bu işi onlardan qat-qat gec başlamışıq. Ona görə hələlik Azərbaycan diasporu erməni diasporu ilə rəqabət apara biləcək səviyyədə deyil. Ermənilər bundan gen-bol istifadə edirlər, təbliğat təşkil edirlər. Deputatları, senatorları ələ alırlar, onların seçki kampaniyasına yardım edirlər. Prezident seçkilərində namizədlərə yardımlar göstərirlər, onların seçki kampaniyasında fəal şəkildə iştirak edirlər. Bu səbəbdən Fransa hakimiyyəti həmişə ermənipərəst mövqe tutub. Azərbaycan prezidentin iyulun 5-də Qoşulmama Hərəkatının tədbirində söylədiyi kimi, Fransa Afrikada törədiyi soyqırım aktlarına görə ərəblərdən, Afrika dövlətlərindən üzr istəməlidir. İnşallah gün gələr ki, Azərbaycana qarşı tutduğu bu ədalətsiz mövqeyə görə, separatizmi dəstəklədiyinə görə və bölgəmizə gətirdiyi fəlakətlərə görə Azərbaycan xalqından da üzr istəmək məcburiyyətində qalar”, - deyə politoloq vurğuladı.

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə isə İlham Əliyevin Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində xarici şirkətin cəlb olunması ilə transsərhəd ekoloji fəlakət törətməsi ilə bağlı qaldırdığı məsələnin önəmini qeyd etdi:

O, hesab edir ki, bu məsələyə mütləq beynəlxalq təşkilatlar öz mövqeyini bildirməlidir.

“Ermənistanın bu hərəkətlərinin qarşısı alınmalıdır. Bundan başqa dəfələrlə qeyd etmişik ki, Ermənistanın Azərbaycanda ətraf mühitlə bağlı cinayətləri çoxdur. İstənilən imkandan istifadə edərək Ermənistan öz nifrətini Azərbaycana qarşı yönəldir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar üzərlərinə düşən işi həyata keçirmirlər. Sanki onların gözlərini kimsə bağlayıb", - deyə A.Mollazadə bildirdi.

Millət vəikili Məlahət İbrahimqızı da hesab edir ki,dövlət başçısı Qoşulmama Hərəkatının toplantısındakı olduqca önəmli bəyanartları ilə yadda qaldı:

“Azərbaycan güclü dövlətdir, Azərbaycan dövlətinin güclü lideri var, onun xarici siyasəti, bu gün beynəlxalq diplomatik mərkəzlərdə, institutlarda, araşdırılır, öyrənilir. Bakıda keçirilən Qoşulmama Hərəkatında çıxış edən cənab prezidentin hər bir cümləsi isə strategiyadır, bir yol xəritəsidir”.

Sonda qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilata rəhbərlik etməklə həm bu təşkilatın nüfuzunun artmasına səbəb olub, həm də bütün dünyada bir dövlət olaraq etibarlı, mühüm tərəfdaşa çevrilib.

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

2