"Kreml İlham Əliyevin mövqeyini yüksək qiymətləndirir" - Peskov

 18:46 10.07.2023     467

Moskva idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bundan əvvəl Qoşulmama Hərəkatı Bakıda keçirilən nazirlərin görüşündən sonra Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə bəyannamə qəbul edib və bu bəyannamədə təşkilatın üzvlərinin 2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözlədikləri bildirilir.

"Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk, bunu bölüşürük. Biz idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmişik", - Kreml sözçüsü bildirib.

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bu qətnamənin qəbulu təşəbbüsünə görə Əliyevə təşəkkürünü bildirib. BOK-un mətbuat xidməti vurğulamışdır ki, bəyannamənin tezisləri Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı komitənin tövsiyələrinə tam uyğundur.

Mart ayında BOK Rusiya və Belarus idmançılarına yalnız neytral statusda və bir sıra şərtlərlə icazə verilməsini tövsiyə edib, lakin bir çox federasiyalar hələ də onların geri qayıtması üçün meyarlar hazırlamayıb və ya bu məsələyə baxılmasını təxirə salıblar. Rusların və belarusların Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərar daha sonra veriləcək.

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirir və 17 dövlət və 10 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir.

Turan İSMAYIL