Bu hələ aysberqin görünən tərəfidir - Deputat: "BQXK-nın digər qaranlıq işləri barədə də açıqlamalar olacaq"

 13:23 11.07.2023     596

"Əksər beynəlxalq qurumların bəzi böyük dövlətlərin xüsusi xidmət orqanlarının diktəsi altında fəaliyyət göstərdikləri sirr deyil. Beynəlxalq Qırmızı Xaç Komitəsi də çox təəssüf ki, məhz belə qurumlardandır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev Laçın yolu vasitəsilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi faktına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, bu qurumun hələ Birinci Qarabağ savaşı zamanında Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə qarşı törədilən vəhşiliyə, onların qətlə yetirilməsi faktlarına göz yumduğu  ayrı-ayrı sənədlərdə dəfələrlə öz əksini tapıb.

"İkinci Qarabağ savaşı zamanı da düşmən Gəncədəki hərbi hospitala zərbə endirərkən həmin qurum bunu qətiyyətlə pisləməli olduğu halda susmağa üstünlük vermişdi. İşğalçının maraqlarına cavab verən digər addımlar atmışdı. İndi bu qurumun avtomobillərində qaçaqmalçılıq üçün faydalanma elə də təəccüblü görünmür. Fikirləşmirəm ki, bu, sadəcə həmin avtomobillərin hay əsilli sürücülərinin işidir. Heç şübhəsiz ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki təmsilçiliyində bu cür qaranlıq məsələlərdən xəbərdar olublar. Mən bu fikirdəyəm ki, oradakı təmsilçiliyin fəaliyyəti sadəcə bu qaranlıq işlərlə məhdudlaşmır. Əminəm ki, yaxın zamanda sözügedən qurumun öz missiyasına uyğun gəlməyən, Azərbaycan əleyhinə yönələn digər qaranlıq işləri barədə də açıqlamalar olacaq. Çünki əgər həmin qurum şəffaf çalışmaq istəsə idi, beynəlxalq normalarla üzərinə qoyulmuş öhdəliyə uyğun hərəkət etsəydi, onda Azərbaycanın təkidli tələblərinə uyğun olaraq Xankəndidəki təmsilçiliyinin Bakı ofisinə tabeçilik məsələsi ilə razılaşmalı idi. Çox təəssüf ki, belə bir razılaşma yoxdur. Niyə yoxdur? Onun da səbəbi məhz o qaçaqmalçılıq faktlarında əksini tapıb ki, bir daha vurğulayıram, bu, sadəcə hələ həmin qurumun üzərinə götürdüyü öhdəliyə əməl etməməsi, Azərbaycan əleyhinə yönələn fəaliyyəti ilə bağlı aysberqin görünən tərəfidir. Görünməyən tərəfində isə daha təhlükəli məqamların yer aldığı şübhəsizdir”,-deyə deputat vurğuladı.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi aşkar olunub.

Odur ki, zəruri istintaq tədbirləri həyata keçirilənə qədər BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.

Humay İSGƏNDƏRLİ