"Beynəlxalq Qırmızı Xaç Komitəsinin belə bir addım atmağını gözləmirdim" - Vahid Əhmədov

 16:42 11.07.2023     287

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin bundan sonra fəaliyyəti şəffaf olmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsinə münasibət bildirərkən dedi.

“Azərbaycan ərazisinə daxil olursa, bilinməlidir ki, nə aparırsan, nə gətirirsən. Çox təəssüflər olsun, mən gözləməzdim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi belə addımlar atsın. Bu sərhəddir, orda müəyyən postlar, bizim əməkdaşlarımız da fəaliyyət göstərirlər. Çox da dəqiq yoxlayırlar. Bəziləri düşünür ki, qaçaqmalçılıq varsa, nəsə etmək mümkündür. Amma bu çox həssas bir post olduğu üçün dəqiq yoxlanılır. Hesab edirəm ki, bu belə də olmalıdır, başqa yolu yoxdur. Amma Beynəlxalq Qırmızı Xaç Komitəsinin belə bir addım atmağını gözləmirdim. İnanmırdım ki, bu cür addım atıla bilər”.

Xatırladaq ki, Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi aşkar olunub.

Bu səbəbdən BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.

Humay İSGƏNDƏRLİ