"Türkiyənin şərtlərinin əhəmiyyətli bir hissəsi təmin olunub" - AÇIQLAMA

 18:32 11.07.2023     349

“Böyük ehtimal ki, İsveçin NATO-ya qəbul edilməsi alyans üçün, Amerika üçün, Avropa İttifaqı üçün çox önəmlidir”.

Bunu Redaktor.az-a danışan politoloq Əli Mustafa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Vilnüsdə NATO baş katibi və İsveçin baş naziri ilə keçirdiyi birgə görüşdə Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməsini şərh edərkən dedi.

Politoloq söylədi ki, İsveçin kifayət qədər ciddi potensialı, hərbi sənaye kompleksi var:

“Hətta İsveç yeni müstəqil təyyarələr istehsal edəcək qədər hərbi sənaye imkanlarına sahibdir. Bu baxımdan NATO çox maraqlıdır ki, İsveç onun üzvü olsun. İsveçinin daxil olması Baltik dənizində ümumiyyətlə Rusiyanın tamamilə təklənməsi deməkdir. Yəni, Rusiyanın şimal sərhədlərinin, şimal-qərb cinahının dəyişdirilməsi deməkdir. İndiki vəziyyətdə Rusiya ilə Qərbin sərt qarşıdurması şəraitində bu, çox önəmlidir. Qısası, Türkiyənin haqlı tələbləri vardı, PKK ilə bağlı, digər məsələlərlə bağlı. Böyük ehtimalla yəqin ki, Türkiyənin şərtlərinin əhəmiyyətli bir hissəsi təmin olunub. ABŞ Prezidenti Co Bayden vəd verib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi sürətlənəcək. Hər halda Türkiyənin kifayət qədər ciddi problemləri var. Məsələn, ABŞ-dan F-16 təyyarələri almaq istəyir, F-35 proqramından çıxarılmışdı, onu bərpa etmək istəyir. Təbii ki, Avropa İttifaqının üzvlüyü məsələsi var".

Ə.Mustafa bildirdi ki, eyni zamanda Türkiyənin hərbi sənayesinin inkişafını məhdudlaşdıran hansısa dövlətlərin sanksiyalar planları var idi ki, dünənki görüşün nəticəsi olaraq həmin sanksiyaların aradan götürülməsi şərti ola bilər:

"Düşünürəm ki, Türkiyə öz milli maraqlarını, dövlət maraqlarını nəzərə alıb addımlar atmalıdır. Üstəlik də əgər İsveç artıq PKK bazası olmaqdan imtina edirsə və buna çalışırsa, deməli Türkiyə bu məsələni bir avantaja çevirə bilər”.

Humay İSGƏNDƏRLİ