"İstefa olacağını düşünmürəm" - Deputat prezidentin naziri tənqidindən DANIŞDI

 15:09 12.07.2023     572

Ötən gün Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlü hadisələri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini sərt şəkildə tənqid etdi. Dövlət başçısının tənqidindən sonra sosial şəbəkə istifadəçiləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin istefaya getməli olduğunu bildirirlər.

Maraqlıdır, nazirin istefası mümkün ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov söylədi ki, bu məsələdə nazirin istefasını görmür:

“Bunlar hamısı cənab prezidentin səlahiyyətində olan məsələlərdir. İndi mətbuatda, sosial şəbəkədə kim nə danışırsa, danışa bilərlər. Amma mən istefa olacağını düşünmürəm. Ola bilər ki, müəyyən anlaşılmazlıq olub. Amma mən də nazir tanıyıram, kifayət qədər təcrübəsi var, ola bilər ki, ona düzgün məlumat verlməyib və ya hansısa idarəsi düzgün işləmir və s. Bunlar hamısı cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Biz ona müdaxilə edə bilmərik və lazım olan qərarları o qəbul edir. Amma nazirliyin gördüyü işlər də kifayət qədər böyükdür. Məsələn, bu yaxınlarda bizim Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz zonasında ciddi yanğınlar baş verirdi, orada tədbirlər həyata keçirirdilər. Hansı ki, bu, daha çox Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı məsələlədir”.

Millət vəkili əlavə etdi ki, son vaxtlar ciddi kadr islahatları gedir və daha çox cavan kadrlara üstünlük verilir, onlar vəzifəyə gətirilir.

“O kadrlar əlbəttə, səhvə yol verə bilər, müəyyən qədər təcrübələri yoxdur. Amma onları hər şeyə görə tənqid etməyi düzgün saymıram. Onlara göstərməliyik, kömək etməliyik və biz də birdən-birə gəlib bu vəzifələrə çıxmamışıq. Bizim də səhvlərimiz olub. Qoyulan son kadrlar islahatını yüksək qiymətləndirirəm və inanıram ki, həmin nazirlər Azərbaycanın potensiallı kadrları olacaq. Elə hər nazir səhv edəndə "istefa verməlidir" demək düzgün deyil. Ona görə də, bu nazirlər də, cavan kadrlardır, kifayət qədər islahat aparırlar. Bir ekologiya ilə əlaqədar demirəm bunları. Məsələn, Elm və Təhsil Nazirliyi böyük islahatlar həyata keçirir, bu çoxunun xoşuna gəlmir. Amma kömək eləməliyik ki, bu islahat normal getsin, təhsilimizə müsbət keyfiyyətlər gətirsin”,- deyə Vahid Əhmədov bildirdi.

Humay İSGƏNDƏRLİ