"Prezidentin mesajı müvafiq qurumlar üçün çox ciddi xəbərdarlıqdır" - Məlahət İbrahimqızı

 14:44 12.07.2023     321

Ötən gün Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlü hadisələri ilə bağlı danışarkən bildirdi ki, təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır.

Bildiyimiz kimi əhalinin sağlamlığı dövlətin üzrəinə düşən başlıca vəzifələrdən biridir və dövlət başçısı tərəfindən hər zaman diqqətlə yanaşılıb.

Prezidentin əhalinin sağlamlığını önə çəkməsi ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı Redaktor.az-a danışdı.

O, söylədi ki, dövlət başçısı 2023-cü ilin yarım illiyinə həsr olunmuş hökumət müşavirəsində çox vacib mesajlar verdi:

“Dövlətimizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı Azərbaycan ictimaiyyətinə məlumatlar verdi. Prezident çıxışında ciddi mesajlar verdi. Möhtərəm prezidentimiz əhalinin sağlamlığı ilə bağlı da dünənki müşavirədə müəyyən mesajlar verdi. Prezidentimiz, eləcə də birinci vitse prezidentimiz hər zaman hansı layihəni həyata keçirirsə keçirsin, orada Azərbaycan vətəndaşının sağlamlığı, rifahı bir nömrəli məsələ olubdur. Koronavirus vaxtı dünyanın ən inkişaf etmiş ölkələri başını itirmişdi, amma həmin günlərdə də möhtərəm prezidentimiz ictimaiyyətdə bir ajiotaj, qorxu yaranmasına imkan verməmişdi”.

Deputat vurğuladı ki, dövlətimizin apardığı bütün siyasətin zirvəsində Azərbaycan vətəndaşının sağlamlığı və onun rifahı durur.

“Dünənki müşavirədə də möhtərəm prezidentimiz Gədəbəydəki hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də müvafiq qurumlara, həmin şirkətə kəskin iradını bildirdi. Heç cür qəbulolunmaz məsələdir ki, hansısa investor, hansısa iş adamı Azərbaycanda özünə iş qurub pul qazanır, amma Azərbaycan vətəndaşının sağlamlığına, ekologiyasına ciddi zərər verir. Prezidentimiz çox vacib fikir də səsləndirdi ki, dünyanın bir çox ölkələrində ekologiyanı korlayan, böyük zərər verən şirkətlər müflis vəziyyətindədir. Ətraf mühitin qorunması bilavasitə insanın qorunması deməkdir. Çünki insan ətraf mühitdə, Allahın yaratdığı təbiətin içində, qoynunda yaşayır. Əgər ətraf mühit, ekologiya çirkli və zəhərli maddələrlə zəhərlənirsə, o insan necə sağlam ola bilər? Bu mesaj gələcəkdə müvafiq qurumlar üçün, eləcə də iş adamları üçün çox ciddi mesajdır, xəbərdarlıqdır. Bütövlükdə Azərbaycan xalqının sağlamlığı ilə bağlı çox ciddi işlər görülür”, - deyə Məlahət İbrahimıqızı əlavə etdi.

Humay İSGƏNDƏRLİ