Ermənistan prezidenti Vatikanın dövlət katibi ilə Qarabağı müzakirə etdi

 19:32 12.07.2023     343

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vatikanın dövlət katibi, kardinal Pietro Parolini qəbul edib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistanla Müqəddəs Taxt-Tac arasında uzunmüddətli davamlı inkişaf edən münasibətlər xristian dəyərlərinə, ədalətə, insan hüquqlarına əsaslanır. Biz sülhə nail olmağa sadiqik və bu yolla gedirik. Mən Müqəddəs Taxt-taca və Ali Papaya regionda uzunmüddətli sülh naminə göstərdikləri səylərə, çağırışlara və dualara görə təşəkkür etmək istəyirəm”, - Xaçaturyan bildirib.

Məlumatda qeyd olunub ki, tərəflər Laçın yolunda vəziyyəti müzakirə edərək, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün təminatların zəruriliyini vurğulayıblar.

Vatikanın dövlət katibi regionda sülhün təmin edilməsinin, eləcə də tərəflər arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Həmsöhbətlər danışıqların davamlılığının vacibliyini qeyd ediblər.

Turan İSMAYIL