ABŞ hansı məsələnin sülh sazişinə salınmasını istəyir? - Politoloqdan AÇIQLAMA

 14:42 13.07.2023     613

"ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında çox ciddi rol oynamaqdadır".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın dövlət katibi Entoni Bilinkenin Azərbaycan və Ermənistan liderləri ilə sülh danışıqları ilə bağlı telefon danışığını şərh edərkən bildirdi. 

Onun sözlərinə görə, Vaşinqtonun belə bir ciddi mövqeyi də Rusiyanın prosesləri pozmaq istəyindən qidalanır:

"Eyni zamanda Rusiyanın bu bölgədə hakim mövqelərini heçə endirmək niyyətlərindən də doğur. Amerika açıq surətdə, gizlətmədən bildirir ki, Rusiya bu məsələyə münasibətdə destruktiv mövqe sərgiləyir. Onun bu destruktiv mövqeyi də həm sərhəddə toqquşmalara, həm də Qarabağdakı separatçı qüvvələrinin ilhamlandırılmasına gətirib çıxarır. Bu nöqteyi nəzərdən ABŞ və Qərb ölkələri, eləcə də Almaniya bunu təqdir edir. Avropa Birliyinin Fransadan başqa digər ölkələri də təqdir edib. ABŞ ilk dəfədir ki, problemin həllinə beynəlxalq hüquq çərçivəsində yanaşır, Qarabağın dağlıq hissəsini Azərbaycanın tərkib hissəsi kimi birmənalı qaydada müdafiə edir və bu məsələnin sülh sazişinə də salınmasını istəyir. Üstəlik də Ermənistan tərəfinə də Qarabağın dağlıq hissəsindəki ermənilərlə bağlı məsələlərə qarışmamaq siyasətini həyata keçirməyi onlara məsləhət görür. Yəni bir sözlə, həm sülh müqaviləsinin bağlanmasında, həm də hər iki tərəfin ərazi bütövlüyü və bu ərazilər üzərində suverenlik hüququnun təsbit edilməsində ədalətli münsif rolunu oynamağa çalışır. Zənnimcə, indiyə qədər bu ədalətli münsif rolu uğurla yerinə yetirilib. Bundan sonra həm ABŞ-ın həm də Avropa Birliyinin bu məsələlərdə daha obyektiv ola biləcəyi ehtimalını söyləyə bilərəm. Bu da möhkəm və dayanıqlı sülhün yaradılması prosesinə ciddi töhfələr verə bilər", - deyə Q.Hüseynli vurğuladı.

Humay İSGƏNDƏRLİ