"Rusiya XİN-in bəyanatı, onların dövlət başçısının bəyanatı ilə zidd gəlir" - Fikrət Sadıxov

 17:44 17.07.2023     720

Bildiyimiz kimi, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib.

Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Redaktor.az-ın üçtərəfli görüşlə bağlı suallarını politoloq, diplomat Fikrət Sadıxov cavablandırıldı.

- Fikrət müəllim, Brüsseldəki üçtərəfli görüşü necə dəyərləndiririsiniz?

- Dövlət başçımız əvvəlcədən dedi ki, bu format effekt verən bir formatdır. Əslində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel yanaşması daha ədalətlidir. Bu onu göstərir ki, bir neçə görüş ərzində çox ciddi məsələlər müzakirə olunub və müəyyən nəticələri olub. Bu dəfə də Şar Mişel öz açıqlamasında bir sıra məqamlara toxunub. Məsələn, ərazi bütövlüyü məsələsi, kommunikasiyaların açılması, sonra, humanitar yüklərin daşınması haqqında danışdı.

- Şarl Mişel Qarabağdakı ermənilərə humanitar yardımların Ağdam vasitəsilə çatıdırılmasının mümkünlüyünə də toxundu. Bu barədə fikrilərinizi bilmək istərdik.

- Ağdam yolundan da istifadə oluna bilər və ermənilər buna çox qıcıqla yanaşır. Sanki Laçın yolu Azərbaycan yolu deyil. Digər tərəfdən, artıq “Dağlıq Qarabağ” ifadəsi işlənilmədi. Bu o deməkdir ki, proses gedir. Düzdür, ləng gedir, ermənilər müəyyən problemlər törədir. Şarl Mişel Qarabağdakı etnik ermənilərin təhlükəsizlik məsələsinə də toxundu, amma demədi ki, bu mütləq əlavə bir bənd kimi əlavə olunmalıdır. Ümumi nəticə müsbətdir. Onu da görürük ki, ermənilər hələlik təxribatlar törədir, Qarabağda yerləşən etnik ermənilərin qeyri-qanuni dəstələri bizə atəş açır. Çox təəssüf ki, bu məsələlər Şarl Mişelin dilinə gətirilmədi. Düşünürəm ki, bu, onun neytral mövqedə qalmasının nəticəsidir.

- Azərbaycan-Ermənistan arasında danışıqlarda ilk dəfə olaraq Qərbi Azərbaycan İcmasının tarixi torpaqlarına köçürülməsi məsələsi də müzakirə olunub. Sizcə, illər sonra indiki Ermənistan ərazisindən deportasiya edilmiş qərbi azərbaycanlıların doğma torpaqlara qayıtması mümkün olacaq?

- Bu məsələni qaldırırıq və bundan sonra da qaldıracağıq. Əgər Qarabağ ermənilərin qayğısına qalırsa, 200 mindən artıq azərbaycanlının ordan qovulması məsələsi mütləq gündəmdə olmalıdır, biz bunu gündəmdə saxlamalıyıq. İkinci məqam da ondan ibarətdir ki, mütləq bununla bağlı Zəngəzur yolu açılmalıdır. Əgər ermənilər dəhliz haqqında danışırlarsa, onda mütləq Zəngəzur dəhlizi açılmalıdır. Reallıq ondan ibarətdir ki, azərbaycanlılar öz dədə-baba yerlərinə, Ermənistana qayıtmalıdır. Birmənalı şəkildə bunu heç vaxt gündəmdən çıxarmamalıyıq.

- İyulun 15-də Rusiya Xarici İşlər Nazirliyinin ölkəmizə qarşı bəyanatı barədə nə deyə bilərsiniz? 

- Çox təəssüf olsun ki, elə Brüsseldə danışıqlar zamanı Rusiyanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış etdi ki, guya Ermənistan “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyandan sonra regionda vəziyyət dəyişir və burada yeni yanaşmalar lazımdır və s. Amma bunlar hamısı absurd, təəssüf doğuran ifadələrdir. Torpaqları azad etmişik ki, Qarabağ Azərbaycana qayıtsın. 10 noyabr tarixində üçtərəfli bəyannamədə də bu öz əksini tapıb və biz demişdik ki, torpaqlarımız qayıtmalıdır, digər dövlətin torpaqlarına göz dikməmişik. Rusiyanın belə bir bəyanatı onların dövlət başçısının bəyanatı ilə də zidd gəlir. Çünki vaxtilə Putin Paşinyanla görüşdə demişdi ki, rəsmi İrəvan Qarabağı Azərbaycan tərkibində tanıyır, etiraf edir və bu reallıqdır. Başa düşmürəm, nələr baş verir ki, bunlar yeni yanaşma nümayiş etdirir? Qərb ölkələri ilə, xüsusilə Brüsseldə görüşlər keçirməyimiz onlarda qıcıq doğurur. Çünki Moskva iştirak etmir. Təsadüfi deyil ki, bizim rəsmilərimizi dərhal Moskvaya dəvət etdilər.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

2