"Azərbaycan ərazisi karvansaradır, cənab Putin?" - Deputatdan Rusiyaya ETİRAZ

 14:57 18.07.2023     501

“Rusiya tarixən işğalçı, müstəmləkəçi dövlət kimi tanınır. Rusiya bu gün də hesab edir ki, Cənubi Qafqaz onun müstəmləkəsidir, o cümlədən Azərbaycan üçün də bu fikirdədir”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) iyulun 15-də Azərbaycan əleyhinə bəyanatı haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov söylədi.

Deputat Rusiya rəhbərliyi tərəfindən verilən qeyri-rəsmi qaydalardan söz açdı:

“Rusiya hərbi kontingenti ərazimizə yerləşdiyi gündən, Rusiya rəhbərliyi tərəfindən verilən tapşırıq ondan ibarətdir ki, Qarabağda yerləşirsiniz və orada bütün ərazini nəzarətə götürürsünüz, oradakı erməniləri müdafiə edirsiniz, separatçı qurumu qoruyub saxlayırsınız və işğalçılarla əməkdaşlıq edirsiniz. Bu, hərbi kontingentə Rusiya rəhbərliyi tərəfindən qeyri-rəsmi qaydada verilən tapşırıqdır. 10 noyabr 2020-ci il sənədində göstərilib ki, sülhməramlı kontingentdir və bunlar Laçın dəhlizində hərəkətin təhlükəsizliyini təmin edəcəklər. Ancaq onlar ərazimizə gəldiyi andan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisi boyu postlarını qurdular və buranı nəzarətə götürdülər. Gəldikləri gündən məşğul olduqları iş separatçılarla əməkdaşlıq, onların müdafiəsin təminatı və təlimatlandırılmasıdır. Bu gün də həmin siyasət davam edir".

Elman Məmmədov Rusiya XİN-in bəyanatında Laçın yolu ilə bağlı ölkəmizdən etdiyi tələbə də toxundu:

"Rusiya Federasiyasının rəhbərliyi bizə şərt qoyur ki, siz Laçın dəhlizini boşaltmalısınız. Əvvəla Laçın dəhlizi adında bir dəhliz yoxdur, yol var. İndi Rusiya Federasiyasının rəhbərliyinə sual ünvanlayırıq ki, sizin bütün qonşu dövlətlərlə sərhədinizdə, sizin və həmin qonşu dövlətlərin sərhəd keçid məntəqələri var, ya yox? Təbii ki, cavab müsbət olacaqdır ki, var. Bəs, onda bizimki niyə olmasın, cənab Putin? Azərbaycan ərazisi karvansaradır ki, hansısa cinayətkar gəlsin getsin? Bu dövlətin sərhədləri var və istənilən dövlətlə də sərhədində sərhəd-buraxılış məntəqəsi var və olmalıdır da. İranla, Rusiayayla sərhəd-buraxılış məntəqələrimiz var. Bəs, Ermənistanla Azərbaycan arasında niyə olmasın ki? Bu anormal bir tələbdir ki, Rusiya tərəfindən Azərbaycanın qarşısına qoyulur. Tək Rusiya tərəfindən yox, eyni zamanda başqa dövlətlər tərəfindən də. Özləri üçün rəva bilmədiklərini, özləri üçün qanuna zidd hesab etdiklərini bizə sırımaq istəyirlər. Ancaq unudurlar ki, artıq 90-cı illərin Azərbaycanı deyil, bu müstəqil Azərbaycan dövlətidir və bu torpaqları öz gücü ilə işğaldan azad edib. Hələlik şərti sərhədləri müəyyən etmişik və sərhədlərdə də sərhəd-buraxılış məntəqələrimiz var”.

Deputat bildirdi ki, Rusiya XİN-in bəyanatı, ağlasığmaz bir bəyanatdır.

“10 noyabr 2020-ci ildəki sənədin altında da cənab Putin, sənin imzan var. Niyə götürdüyün öhdəliklərə əməl eləmirsən? Bizim qarşımıza əlavə şərtlər qoymaqla məşğulsan. Rusiyanın canfəşanlıq etməkdə məqsədi Büsseldə, Vaşinqtonda və digər Avropa ölkələrində keçirilən görüşlərin əhəmiyyətini sıfıra endirməkdir. Bunun üçün də təxribatlarla məşğuldur. Bütün o ərazidə törədilən təxribatların istiqamətvericisi Rusiya dövlətidir. Arayik Arutunyan Moskvadan göstəriş alır. Azərbaycanın Qarabağ ərazisindəki separatçılar Putinə məktub ünvanlayırlar, Putin onların qeydinə qalır. Belə çıxır ki, Rusiya dövləti hesab edir ki, Qarabağ bölgəsi onundur və nəzarətindədir. Mən nə üçün doğma Xocalıma qayıda bilmirəm? Çünki ruslar imkan vermir, ruslar qoymur. Rusiyanın mövqeyi əvvəldən məlumdur, bu gün də daha qabarıq şəkildə özünü büruzə verir. Rusiya ilə Qərb arasında Cənubi Qafqaza nəzarət uğrunda qanlı bir savaş gedir. Bu savaşa tab gətirmək üçün Rusiya müxtəlif vasitələrdən istifadə edir. Bunun qarşısını almaq üçün biz ərazimizdən bütün separatçıları, separatçılara tabe olan kimlər varsa, kimliyindən asılı olmayaraq hamısını təmizləməliyik”,-deyə E.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ