"Əgər ermənilər humanitar böhran içərisindədirsə, bunlara edilən istənilən təklifi qəbul etməlidirlər"

 14:05 19.07.2023     663

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın XİN başçısı Ararat Mirzoyanın ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialara cavab verib.

Bildirilib ki, bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır.

Qeyd olunub ki, Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması iddiaların heç bir əsasının olmadığının nümunəsidir.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Redaktor.az-a danışdı.

Politoloq söylədi ki, XİN Mirzoyanın söylədiklərinin mahiyyətini açan addım atıb.

“Bölgədə heç bir humanitar böhran yaşanmır. Sadəcə olaraq separatçı hərəkat özünün qeyri-qanuni siyasi ambisiyalarını bəzən humanitar böhran adı altında təqdim etməyə və dünyanın diqqətini cəlb etməyə çalışır. Humanitar böhran yoxdur, çünki Laçın sərhəd-buraxılış məntəqəsi işləyir. Buna paralel olaraq Azərbaycan tərəfi daha qısa və maya dəyəri az olan Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edir. Üstəlik, Azərbaycan öz tərəfindən Xankəndiyə humanitar yardım verməyi vəd edib. Əgər bunlar humanitar böhran içərisindədirsə, bunlara edilən istənilən təklifi qəbul etməlidirlər. Bunlar isə əksinə, hər gün gah oturaq mitinq, gah kütləvi mitinq adı altında siyasi məqsədlərini həyata keçirməyə çalışırlar. Bölgədəki hərəkat Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmək, Azərbaycanın suveren ərazilərində qarmaqarışıqlıq yaratmaqdır. Bu məsələ də Rusiyanın sülhməramlı qüvvələrindən istifadə etmək kimi sərsəm iddialara söykənir. Bölgə əhalisi olan ermənilər bölgədəki vəziyyəti süni sürətdə siyasi məqsədlərlə gərginləşdirib. Bu gərginləşdirilmiş vəziyyətə müxtəlif "donlar” geydirərək dünya ictimai rəyinə təqdim etməyə çalışırlar. Bu prosesdə onlara Rusiya sülhməramlılarından tutmuş Rusiyadakı müxtəlif mərkəzlər də ciddi yardım göstərir. Nəticə etibarilə bölgədə vəziyyəti mürəkkəbləşdirib, bunu qarşıdurma səviyyəsinə çatdırmaq istəyirlər. Azərbaycan təmkinli davranır və təmkinli addımlar atır, çalışır ki, bu siyasi məqsədli hərəkətlərin temperaturunu daha da aşağı salsın”, -deyə Q.Hüseynli vurğuladı.

Humay İSGƏNDƏRLİ