"Etnik ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə, konstitusiyaya əməl etməlidirlər” - Fikrət Sadıxov

 17:14 24.07.2023     353

Xəbər verdiyimiz kimi, Şuşada "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev bir çox vacib məsələlərə toxunub. Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı bildirib ki, onların hüquqları Konstitusiyamıza uyğun qorunacaq.

“Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir”,-deyə  prezident bildirib.

Ölkə başçısının bu çıxışı ilə bağlı politoloq, diplomat Fikrət Sadıxov Redaktor.az-a danışdı.

Politoloq söylədi ki, Azərbaycan ərazisində yaşayan bütün azlıqlar eyni şəraitdə yaşayır və onların hüquqları qorunur:

“Qarabağda yaşayan etnik ermənilər uzun illər ərzində Sovet Azərbaycanı dövründə çox firavan və komfort şəraitdə yaşayıblar. Dinc yolla Azərbaycana reinteqrasiya məsələsində heç bir maneçilik törətməsələr, digər Azərbaycan vətəndaşları kimi yaşamağa tam hüquqları var. Sadəcə olaraq separatçılar onları girov saxlayırlar və məsələni ləngidirlər. Orada olan 10 minlərlə erməni qeyri-qanuni dəstələr də özlərinə nəticə çıxarmalıdırlar. Çünki biz onların orada qalmasına uzun müddət heç vaxt imkan vermərik. Artıq xəbərdarlıq da edilib. Əgər onlar dinc yolla ordan çıxmaq istəmirlərsə, onda başqa vasitələr var. Yəni etnik ermənilər də Azərbaycan vətəndaşları kimi normal şəraitdə yaşamaq istəyirlərsə, konstitusiyaya əməl etməlidirlər”.

Humay İSGƏNDƏRLİ