Sabahkı Moskva görüşündən nə gözlənilir? - Deputatdan AÇIQLAMA

 17:58 24.07.2023     605

Xəbər verdiyimiz kimi, sabah Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan olan həmkarları ilə danışıqları keçiriləcək.

Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunacaq.

Milli Məclisin deputatı Aydın Mirzəzadə görüşlə bağlı təxminlərini Redaktor.az-la bölüşdü.

O, bildirdi ki, Azərbaycanın apardığı uğurlu və düşünülmüş xarici siyasət nəticəsində bu gün Azərbaycan-Ermənistan münasibətləri dünya siyasətinin gündəliyində əsas məsələlərdən biridir.

“Bu baxımdan dünyanın güc mərkəzləri o problemin həllinə öz töhfəsini verirlər. Əlbəttə güc mərkəzi kimi maraqları var və bu maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Azərbaycan buna etiraz etmir. Bu baxımdan müxtəlif vaxtlarda gah Avropada, gah ABŞ-da, indi isə Rusiyada görüşlərin keçirilməsinə, Azərbaycan müsbət baxır. Bilmək lazımdır ki, hansı məkanda keçirilməsindən asılı olmayaraq hər bir yeni görüş bundan əvvəlki görüşün davamıdır. Yəni Moskvada keçirilən görüş heç də sıfırdan başlamır. Brüsseldə və yaxud da ABŞ-da keçirilmiş və müəyyən nəticələr gəlmiş görüşün davamı kimi qəbul edilir. Azərbaycan bütün görüşlərdə özünün ərazi bütövlüyü, suveren hüquqlarının qorunması məsələsini prinsipial şəkildə müdafiə edir. Bu barədə cənab Prezidentimizin dəfələrlə bəyanatları və müxtəlif kütləvi informasiya vasitələrinə müsahibəsində hiss olunur. Ermənistan tərəfi də Azərbaycanın prinsipial mövqeyinin olduğunu etiraf edir. Azərbaycanın istədiyi Ermənistanın tək sözdə deyil, eyni zamanda rəsmi sənədlərdə ərazi bütövlüyümüzü tanıması, daxili işlərimizə müdaxilə edilməməsi və normal qonşuluq münasibətlərinin qurulmasına səmimi münasibətini göstərməsidir. Yəni, bu baxımdan ümid etmək istərdim ki, Moskva görüşündə də əvvəlki görüşlərdən sonra azacıq da olsa, bir irəliləyiş mümkün olacaq”, - deyə A.Mirzəzadə vurğuladı.

Humay İSGƏNDƏRLİ