"Dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın" - Ermənistanın baş naziri

 15:54 25.07.2023     670

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, həmişə bəyan edilməyib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

"Təəssüf hissi ilə qeyd edirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. Başqa bir sual da ondan ibarətdir ki, biz bu reallıqdan xəbərdar idik, ya yox. Bizim mövqeyimiz belə idi - bütün dünya nə deyirsə desin, biz bunu başqa cür etməliyik. Ola bilsin ki, hansısa mərhələdə mən də belə hərəkət etmişəm, amma sonda reallıq bizi konkret vəziyyətə salır", - Paşinyan deyib.

Eyni zamanda, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarından sitat gətirib. Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinin 17 dekabr 2020-ci il tarixində mətbuat konfransında verdiyi bəyanatdan bir fraqment oxuyub:

"Beynəlxalq hüquqi nöqteyi-nəzərdən mən də bu barədə danışdım, bütün bu ərazilər Azərbaycan Respublikasının tərkib hissəsidir. Bir daha deyirəm, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırdı, ona görə də bu mənada bu vəziyyəti nəzərə alaraq, Dağlıq Qarabağın özü də beynəlxalq hüquq baxımından Azərbaycandır".

Baş nazir fransalı həmsədr Stefan Viskontinin 2020-ci ilin yanvarında Senat komissiyasının deputatları ilə görüşü zamanı dediyi sözləri də sitat gətirib: “Dağlıq Qarabağ Azərbaycanda yerləşən dağlıq anklavdır”.

Ermənistanın baş naziri ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatından da sitat gətirib. Xüsusilə, 2012-ci ildən 2016-cı ilə qədər olan hesabatlarda bildirilirr ki, “separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın əksər hissəsini və Azərbaycanın daha 7 ərazisini nəzarətdə saxlamaqda davam ediblər”.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazisinin həm Dağlıq Qarabağ, həm də Sovet Azərbaycanının anklavları ilə birgə 86,6 min kvadrat kilometr olduğunu bildirmişdi. 

Turan İSMAYIL