"Rusiya Avropa və Amerikada əldə olunan razılaşmaların pozulması ilə məşğuldur" - Deputat

 13:43 26.07.2023     449

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.

Görüşdə kommunikasiyaların açılması, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası müzakirə olunub.

Milli Məclisin deputatı Elman Məmmədov Moskvada baş tutan üçtərəfli görüşlə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, 2020-ci il 10 noyabrdan başlayaraq bu görüşlər keirilir, ancaq ortada faktiki nəticə yoxdur.

“Doğrudur, hər görüşdən sonra məlumat verilir ki, mövqelərdə yaxınlaşma var, müəyyən məsələlərdə razılığa gəlinib və görüşlər davam edəcək. Görüşlərdə Azərbaycan tərəfinin tələbləri məlumdur. Ancaq bu tələblər qarşısında Rusiya və Ermənistanın cığallığı göz qabağındadır. Azərbaycanın görüşlərdə əsas 3 tələbi var. Birincisi, Azərbaycan ərazisində 30 ildən çoxdur yaradılmış, bu gün də öz fəaliyyətini davam etdirən separatçı qurum ləğv olunmalıdır, məhv edilməlidir. İkinci məsələ odur ki, Ermənistan dövlətinə məxsus silahlı birləşmələr bu gün də ərazimizdə qalmaqda davam edir, ərazimizdən çıxmırlar. Üçüncü məsələ isə Zəngəzur dəhlizi ilə bağlı, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlıdır. Bunların heç birinin həlli tapılmır və burada həllin tapılmamasında günahkar təkcə, Ermənistan deyil, eyni zamanda Rusiya dövlətinin özüdür. 10 noyabr 2020-ci ildə üçtərəfli imzalanan sənəddə Rusiya götürdüyü öhdəliklərin heç birini yerinə yetirmir. Əksinə, o öhdəliklərdən əlavə Rusiya daha da ciddi problemlər yaradıb, bölgəmizə gələn separatçıların fəaliyyətinin davam etdirilməsi ilə məşğuldur. Bu o deməkdir ki, Rusiya sülhün olmasını yalandan deyir, həqiqətdə istəmir. Nə üçün istəmir? Çünki sülh olsa, dayanıqlı sülh imzalansa, Rusiyaya bu bölgədə ehtiyac qalmayacaq. Rusiya bölgədən çıxıb getməlidir, amma getmək istəmir. Bax, bu səbəbdən də problemlər yaratmaqla məşğul olur”, - deyə deputat qeyd etdi.

E.Məmmədov vurğuladı ki, Rusiya Avropa və Amerikada aparılan danışıqların, əldə olunan razılaşmaların pozulması ilə məşğuldur:

“Guya Avropa, Amerika bura gəlsə, Rusiyadan yaxşı olacaq? Qətiyyən, onlar Rusiyadan da betər olacaq. Yeganə çıxış yolu odur ki, Azərbaycanla Ermənistan təkbətək oturub danışıqlar aparılmalıdır və problemləri həll etməlidir. Üçüncü qüvvə nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə işləyir. Üçüncü qüvvə öz maraqları üçün çalışır. Bu cür danışıqların da illərdi olduğu kimi faydası olmazsa, Azərbaycana yeganə bir yol qalır. Yol odur ki, Azərbaycan hərbi gücündən istifadə edib ərazisini işğalçılardan, separatçılardan, cinayətkarlardan təmizləsin".

Humay İSGƏNDƏRLİ