"Paşinyan və komandası başqa yollarının olmadığını görür" - Deputatdan AÇIQLAMA

 17:31 26.07.2023     292

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

O, bildirib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, həmişə bəyan edilməyib.

"Təəssüf hissi ilə qeyd edirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. Başqa bir sual da ondan ibarətdir ki, biz bu reallıqdan xəbərdar idik, ya yox. Bizim mövqeyimiz belə idi - bütün dünya nə deyirsə desin, biz bunu başqa cür etməliyik. Ola bilsin ki, hansısa mərhələdə mən də belə hərəkət etmişəm, amma sonda reallıq bizi konkret vəziyyətə salır", - deyə Paşinyan çıxış edib.

Nikol Paşinyanın bu etirafları ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a danışdı.

Deputat söylədi ki, Ermənistanın baş nazirinin başqa cür açıqlaması ola da bilməzdi:

“Çünki artıq 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycan bütün xəritələrdə göstərilib. Azərbaycanın ərazi bütövlüyü belə də tanınıb. Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri Azərbaycanın məhz Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıb. Əfsuslar olsun ki, bunu Ermənistan vaxtında demirdi. Çünki fikirləşirdilər ki, zaman keçdikcə məhz qondarma Dağlıq Qarabağ məfhumunu hansısa dövlət tanıyar, bu da alınmadı. Bu məsələ əvvəl-axır öz son nöqtəsinə çatmalıdır. Çünki sülh müqaviləsinin əsas prinsiplərindən biri ərazi bütövlüyümüzü tanımaqdır. Məlumdur ki, bir neçə müddət öncə də Dağlıq Qarabağın məhz Azərbaycanın tərkib hissəsi olması və anklavlarla birlikdə ərazi bütövlüyümüzü tanıması ilə bağlı Paşinyan açıqlama vermişdi. Orda Paşinyanın "Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyırıq" sözünə irad kimi tutulmuşdu. Çünki ərazi bütövlüyü onun tərkibində olub-olmamasından asılı olmayaraq, ərazi bütövlüyüdür. Bu, dünya tərəfindən tanınan bir ərazidir. Bəyanatların verilməsi artıq ona görədir ki, Paşinyan və onun rəhbərlik etdiyi komanda başqa yollarının olmadığını görür. Separatçı qüvvələr, eyni zamanda sabiq səhra komandirləri Paşinyanın bu sözlərinə görə irad tutacaqlar və bununla bağlı öz mövqelərini ortaya qoymağa çalışacaqlar. Ancaq fakt faktlığında qalır".

Arzu Nağıyevin sözlərinə görə, bir məqam da ondan ibarətdir ki, Paşinyan bu çıxışlarını yazılı surətdə təsdiq etmir.

"Yazılı surətdə təsdiq ediləndən sonra artıq onun səmimiliyi haqqında düşünə bilərik. Bu gün bu bəyanatlar, bəyanatlardan o tərəfə keçmir. Lakin danışıqlar prosesi baş verir, hər danışıqda da biz irəliləyiş əldə edirik. Elə bu bəyanatın verilməsi də həmin irəliləyişlərdən biridir", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ