Keçmiş XİN rəhbəri Laçındakı süni gərginliyin əsl səbəbini AÇIQLADI: "Çünki Azərbaycan tələb edir ki..."

 18:15 27.07.2023     692

Son günlər İrəvan Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verir, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya humanirar böhranla üzləşdiyi barədə yalan məlumatlar yayırlar.  

Maraqlıdır, ermənilərin Laçında süni gərginlik yaratmasının məqsədi nədir?

Bununla bağlı politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı iki mövzu var:

“Bir mövzu ermənilərlə bağlıdır ki, onlar istəyirlər orada Azərbaycan qanunlara zidd olan hansısa şərait yaratsınlar, bu yoldan istifadə etsinlər. Təbii ki, Azərbaycan buna razı deyil. İkinci mövzu Rusiya sülhməramlıları ilə bağlıdır. Çünki Azərbaycan tələb edir ki, sülhməramlı qüvvələrin təminatı Azərbaycan ərazisindən olsun. Orada yaşayan ermənilər birbaşa Moskvaya tabe olan insanlardır. Bu baxımdan onlar Moskvanın xeyrinə teatral səhnəni qururlar. Amma Azərbaycan öz məqsədlərinə nail olacaq, sülhməramlıların təminatı Azərbaycan ərazisindən olacaq”.

Keçmiş nazir vurğuladı ki, Ağdam-Xankəndi yolu ilə humanitar yardımın aparılmasını istəməmələrində də məqsəd Azərbaycan qanunlara zidd olan bir şərait yaratmaqdır:

“Amma Azərbaycan buna imkan verməz. Azərbaycanın qərarı bəllidir, istənilən yüklər Ağdam-Xankəndi yolu ilə aparıla bilər. Əvvəl bu yol təklif olunmurdu, çünki minalardan təmizlənmə olmalı idi. Artıq Ağdam bölgəsində minaların təmizlənməsi prosesi yekunlaşır və Azərbaycan belə qərar verib. İstənilən tərəf buna əməl etməlidir", - deyə Tofiq Zülfüqarov vurğuladı.

Humay İSGƏNDƏRLİ