Hindistanın Ermənistana silah yardımının səbəbi Çindir - Tofiq Zülfüqarovdan AÇIQLAMA

 18:47 27.07.2023     460

Xəbər verdiyimiz kimi, son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılıb. Bu da təbii ki, ölkəmizdə narahatlıqla qarşılanıb.

Odur ki, ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyev Hindistanın ölkəmizdəki səfiri ilə görüşərək ona Azərbaycanın narahatlığını çatdırıb. 

Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və Ermənistana ölümcül silahlar yollamasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.

Maraqlıdır, Hindistanın Ermənistanı silahlandırmasının məqsədi nədir?

Mövzu ilə bağlı politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Redaktor.az-la fikirləini bölüşdü.

O, bildirdi ki, Hindistanın əsas geopolitik rəqibi Çindir.

“Hamı başa düşür ki, Çinin Azərbaycandan keçən layihələri var. Yəni tranziti nəzərdə tuturam. Buna maneələr törətmək üçün Hindistan Ermənistana yardım etməkdədir. Bu, geopolitik oyunların nəticəsidir. Amma bilirik ki, bu, sadəcə olaraq görüntüdür. Çünki Ermənistanın müdafiə sistemini bərpa etmək üçün illər və milyardlarla pul lazımdır. Ordan-burdan alınan silahlar hansısa sistemin tərkib hissəsi olmalıdır, Ermənistanda isə müdafiə sistemi demək olar ki, yoxdur. Vaxtilə Rusiyadan qırıcı təyyarələr alıblar, amma onları istifadə etməyiblər. Daha çox daxili auditoriya üçün yönələn addımlardır ki, orada insanları sakitləşdirsinlər. Sadəcə görüntüdür, real müdafiə sistemi qurulması deyil”, - deyə T.Zülfüqarov bildirdi.

Humay İSGƏNDƏRLİ