"Azərbaycan özü bütün dünyaya humanitar yardım göstərir, BQXK-ya ehtiyac yoxdur" - Vahid Əhmədov

 16:31 31.07.2023     628

Bildiyimiz kimi, bir müddət əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi aşkar olundu.

Bir neçə gün öncə isə BQXK vasitəsilə 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.

Göründüyü kimi, BQXK təkcə qaçaqmalçılıqla deyil, hətta İnterpol xətti ilə beynəlxalq axtarışda olan hərbi cinayətkarın himayəsi ilə də məşğuldur.

BQXK-nın bu addımları atmasında səbəb nədir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a danışdı.

Millət vəkili qeyd etdi ki, BQXK-nın Xankəndiyə qaçaqmalçılıqla silah-sursat keçiridikləri məlumdur.

"Ümumiyyətlə, araşdırmaq lazımdır BQXK-nın Azərbaycana nə kimi xeyri var. Ziyan verməklə məşğuldursa, təxribatla məşğuldursa, Azərbaycanda fəaliyyətinə heç ehtiyac yoxdur. Çox ciddi müraciətlər etmək lazımdır ki, bu hallar aşkarlanmasın. Belə hallar bir neçə dəfə təkrar olunubsa, artıq aydın olur ki, onların tərkibində ermənilər var. Yəqin ki, emrəni diasporu tərəfindən maliyyələşirlər. Ümumiyyətlə, fəaliyyətləri bizim üçün əhəmiyyət kəsb etmir. Azərbaycan özü bütün dünyaya humanitar yardım göstərir, humanitar dəstək verir. Ermənilərin BQXK-da iştirakı var, bundan istifadə edib bizə qarşı təxribat törədirlər”, - deyə V.Əhmədov əlavə etdi.

Humay İSGƏNDƏRLİ