"Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyəti daha da gücləndirilməlidir" - Deputat
"Laçın sərhəd-keçid məntəqəsinin çox böyük əhəmiyyəti var".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov şənbə günü Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılmasını dəyərləndirərkən bildirdi.
“Əzab-əziyyətdən sonra, dövlət başçısının təkidi nəticəsində və eko-fəallarımızın etiraz aksiyaları sayəsində orada sərhəd-buraxılış məntəqəmizi qurduq. Buna görə də bu bizim üçün əhəmiyyətli bir buraxılış məntəqəsidir. Burada fəaliyyəti daha da gücləndirmək lazımdır. Qarabağda bizim hansısa bir rəhbər, vəzifəli insanımız oturmalıdır. Ondan sonra o dəhlizlə əlaqədar məsələlər öz həllini tapacaq. Amma hələlik bu sərhəd-keçid məntəqəsinin hərbi cinayətin törədilməməsi üçün, silah-sursatın keçməməsi üçün fəaliyyəti gücləndirilməlidir”, - deyə millət vəkili vurğuladı.
Humay İSGƏNDƏRLİ