"Ermənistan bu təzyiqlərə tab gətirə bilməyəcək" - Asim Mollazadə

 15:13 01.08.2023     538

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

Türkiyə lideri Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a danışdı.

Deputat söylədi ki, Türkiyə prezidenti yenə də Azərbaycan-Türkiyə birliyinin önəmini xüsusi vurğulayıb.

“Türkiyə hər zaman Azərbaycanla birgə bölgədə inkişafa xidmət edib. Ermənistanın bu oyunlarına son qoymağın vaxtı çatıb. Ermənistan mütləq sülhlə bağlı zəruri addımlar atmalıdır, kommunikasiyaları açmalıdır. Bu, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsirini göstərəcək. Bir şeyi xüsusi qiymətləndirmək istərdim ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti ilə əlaqə saxladı və Amerikanın da sülhün yaranmasında maraqlı olduğunu ifadə etdi. Düşünürəm ki, Ermənistan bu təzyiqlərə tab gətirə bilməyəcək. Ermənistanın Qərbdə yerləşən diasporunun oyunları da onlara heç bir kömək etməyəcək".

Humay İSGƏNDƏRLİ