Ermənistanın ekoloji cinayətləri barədə beynəlxaq təşkilatlara müraciət edildi

 15:25 01.08.2023     230

Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət edib.

Qurumun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatda deyilir ki, Araz və Oxçuçayın Ermənistanla həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Baş Prokurorluğunda araşdırma davam etdirilir.

“Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normalarının pozulması əlavə tədbirlərin görülməsini zəruri edib.

Bununla əlaqədar Azərbaycan Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət ünvanlanıb.

Müraciətdə BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının, eləcə də, ətraf mühitin mühafizəsinin tələblərinə dönmədən riayət edilməsi, dağ-mədən obyektlərinin işinin düzgün təşkili normalarına əməl olunması və ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsində ölkəmizin səlahiyyətli qurumları ilə əməkdaşlığın vacibliyi qeyd olunub”, - məlumatda bildirilib.