İlham Əliyevin Avropa İttifaqı ilə bağlı mesajı aydındır - Politoloqdan AÇIQLAMA

 17:25 02.08.2023     346

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib.

Müsahibədə dövlət başçısının toxunduğu məsələlərdən biri də Avropa İttifaqı ilə əlaqələr idi.

“Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük”,- deyə İlham Əliyev vurğulayıb.

Ölkə başçısının Avropa İttifaqı ilə bağlı çıxışını dəyərləndirən politoloq Elçin Mirzəbəyli Redaktor.az-a bildirdi ki, Azərbaycan lideri prosesləri ümumi şəkildə dəyərləndirib:

“Bu günə qədər aparılan danışıqlar fonunda ən çox irəliləyişin məhz Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə aparılan danışıqlarda olduğunu dilə gətirib. Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağı Azərbaycanın ərazisinin tərkib hissəsi kimi tanınması, əslində aparılan danışıqların nəticəyönümlü olduğunu sübuta yetirir. Yəni Ermənistanla Azərbaycan arasında yaranan münaqişənin əsas faktoru bəlli olduğu kimi, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarıdır. Əgər Ermənistan bu ərazi iddialarından əl çəkirsə, bu, o deməkdir ki, nəticə etibarilə sülh prosesinin irəliyə doğru aparılması üçün imkanlar var. Bu kontekstdən dəyərləndirəndə, şübhəsiz ki, Avropa İttifaqının apardığı danışıqların daha çox nəticəyönlü olduğunu deyə bilərik. Cənab prezident də çox güman ki, məhz bu amilləri nəzərə alaraq öz fikirlərini səsləndirib və mesaj aydındır”.

Humay İSGƏNDƏRLİ