"Yeganə çıxış yolu bu qondarma rəhbərlərin öz qondarma postlarından getmələridir"

 18:12 02.08.2023     413

“Bu gün Azərbaycan ərazilərində hələ də mövcudluqlarını müəyyən ad altında qoruyub saxlayan qondarma rejimin nümayəndələri əslində Azərbaycanda yaşayan erməni əsilli insanları uzun illər boyu girov vəziyyətində saxlayan insanlardır”.

Bu fikirləri ölkə başçısının “Euronews” televiziyasına müsahibəsi zamanı Qarabağ ermənilərinə etdiyi müraciətlə bağlı Redaktor.az-a danışan politoloq Elçin Mirzəbəyli səsləndirib.

O, vurğuladı ki, müharibə nəticəsində bir çox həqiqətlər kimi, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində hansı vəziyyətdə yaşadıqları ilə bağlı həqiqətlər ortaya çıxdı.

“Sübuta yetirildi ki, uzun illər boyu separatçılar və onların qondarma liderləri erməniləri istismar ediblər. Azərbaycan ərazilərinin sərvətlərini talan ediblər və bu sərvətlərdən onlardan başqa kimsə yararlanıb. Bu reallıqlar bütün mənzərəni ortaya qoyur və şübhəsiz ki, indiki şəraitdə yeganə çıxış yolu bu qondarma “rəhbərlərin” öz qondarma postlarından getmələridir. Təbii ki, həmin ərazilərdə Azərbaycanın legitim strukturlarının formalaşmalıdır. Məhz bundan sonra həm inteqrasiya prosesi sürətlə gedə bilər və erməni əsilli Azərbaycan sakinləri arzuladıqları firavan həyata qovuşa bilər”, - deyə E.Mirzəbəyli bildirdi.

Humay İSGƏNDƏRLİ