“Kişi tüpürdüyünü yalamaz, amma bu təlxək 50 dəfə tüpürdüyünü yalayıb" - Deputat
Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər Laçın yoluna doğru aksiya keçirməyi planlaşdırırlar. Aksiyanın "səbəbi" isə Laçın sərhəd-keçid məntəqəsinin humnitar yardım üçün açılmasıdır.
Azərbaycan dəfələrlə Qarabağa yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif etsə də, onlar təkidlə Laçın sərhəd-keçid məntəqəsindən keçid istəyirlər.
Bəs, Azərbaycan ermənilərin planlaşdırdığı aksiya ilə bağlı hansı addımları atacaq?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.
O, söylədi ki, ermənilər hələ çox oyunbazlıq, təlxəklik edəcəklər.
“Çünki bunların xasiyyəti belədir. Hələ ehtiyatda belə oyunları çoxdur, bir-birinin dalınca gələcəkdir. Azərbaycan rəhbərliyi bunun hamısını bilir. Bütün bu oyunlara, təxribatlara Azərbaycan dövləti cavab verməyə hazırdır. Necə ki, Ermənistandan Laçın istiqamətində gələn quldur karvanının qabağı saxlanılıb, eləcə də bu tərəfdən də nə hərəkət etsələr, müvafiq cavablarını alacaqlar. Bayquş kimi gəlib erməninin yanında duran Avropa İttifaqının bir sıra dövlətlərinin saxtakar səfirlərinin hamısına bu söz çatır ki, ərazimizdə yaşayanlar bizim vətəndaşlardır. Artıq onların cavab vermək vaxtı daralıb. Ya bizim vətəndaşlığımızı qəbul edib qanunlarımızla yaşamalıdırlar, ya da, yol açıqdır, gedə bilərlər. Bugünkü Ermənistan dövlətində tarixən öz dədə-baba yurdlarından qovulmuş azərbaycanlılar yaşayırmı? Xeyr yaşamır. Onlar da bizlə yaşamaya bilər. Cənab Prezidentimiz dəfələrlə bunu bəyan edir ki, Azərbaycanda etnik qrupların sayı çoxdur, hamımız bir ailə kimi Azərbaycan qanunları çərçivəsində yaşayırıq. Hamının da haqqı, hüququ, təhlükəsizliyi təmin olunub. Eləcə də bunlar bizim qanunlarımızı, vətəndaşlığımızı qəbul edib yaşasalar, bunların da bütün təminatları olacaqdır. Yəni bütün oyunbazlıqlarının cavabları hazırdır. Azərbaycan da deyir ki, bunların ehtiyacları varsa, biz onları təmin edirik. Ancaq ehtiyaclarını ödəmək üçün nə təminat lazımdırsa, Azərbaycan ərazisindən - Ağdam-Xankəndi yolu ilə gələcək. Gələn yüklərin hamısı Azərbaycan qanunlarına əsasən yoxlanışdan keçəcək. Ermənistanın bu təlxək, bambılı baş nazirini (Nikol Paşinyan -red.) başa salmaq olmur ki, beynəlxalq görüşlərdə söz verirsən ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, digər tərəfdən Azərbaycanın daxili işlərinə müdaxilə edirsən, maşın karvanı göndərirsən. Atalar sözü var ki, “Kişi tüpürdüyünü yalamaz”, amma bu təlxək 50 dəfə tüpürdüyünü yalayıb. Bunları ancaq bir yolla başa salmaq olur: güc yolu ilə! Digər yolla bunlar adam kimi başa düşmürlər. Azərbaycan da bunu etməyə hazırdır, hələ ki, səbr göstərir”, - deyə Elman Məmmədov vurğuladı.
Humay İSGƏNDƏRLİ