"Azərbaycan separatçı qurumun hamısını təmizləyib, ərazimizdən çıxartmalıdır" - Elman Məmmədov

 15:37 04.08.2023     472

Xəbər verdiyimiz kimi, Yevlaxda Bakı nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığı nümayəndələri arasında görüşün təşkil edilməsi üzərində iş aparılır. 

Ancaq Qarabağ ermənilərinin bəzi nümayəndələri sözügedən görüşə mane olmağa çalışır.

Milli Məclisin deputatı Elman Məmmədov gözlənilən görüşlə bağlı fikirlərini Redaktor.az-la bölüşdü.

Onun sözlərinə görə, ermənilərdən kimsə səsini çıxarıb Azərbaycan xeyrinə bir söz deyirsə, güclü təqibə məruz qalır:

“Ya öldürülür, ya da həbs olunur. Adını da qoyurlar xəyanətkar, satqın, Azərbaycan casusu və s. Yəni oradakı əhali artıq 30 ildən çoxdur ki, bu cinayətkarların, separatçıların əsarətində yaşayır. Heç bir hüquqları da yoxdur ki, onlar müstəqil, sərbəst fikirlərini ifadə etsinlər. Deyə bilmirlər ki, biz Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycanla birlikdə yaşamaq istəyirik. Bu ifadəni deyən, bu fikirdə olanların başına müsibətlər gətirilir. Onları da bu əsarətdən qurtarmaq üçün Azərbaycan separatçı qurumun hamısını təmizləyib, ərazimizdən çıxartmalıdır. Ondan sonra ordakı sıravi xalq azad vəziyyətdə öz fikrini söyləyə biləcək”.

Humay İSGƏNDƏRLİ