"Dünyanın diqqətini ölkəmizin üzləşdiyi mina təhlükəsinə çəkməyə çalışırıq" - Zaur İbrahimli

 11:14 05.08.2023     247

Azərbaycan QHT-ləri bir daha dünya birliyinin və BMT-nin diqqətini erməni işğalı nəticəsində ölkəmizin üzləşdiyi mina təhlükəsinə çəkməyə çalışır. Hesab edirik ki, beynəlxalq qurumlar, xüsusən vacib missiyası olan BMT kimi təşkilat Ermənistanı bu məsələdə cavabdeh görmür. Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarını, hətta hərbi təyinatı olmayan əraziləri geniş miqyasda minalayıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, bir il ərzində Ermənistan minalanmış ərazilərin xəritə və sxemlərini təhvil verməkdən imtina edib. Ermənistan yalnız Azərbaycanın israrlı tələbləri, beynəlxalq birliyin təzyiqləri nəticəsində mina xəritələrinin bir hissəsini təqdim etsə də, onun dəqiqlik faizi çox aşağı oldu.

Redaktor.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli söyləyib.

O bildirib ki, Azərbaycan hazırda ərazisində ən çox mina basdırılmış ölkələr sırasındadır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı araşdırmalara görə, 350 milyon kvadratmetrdən 830 milyon kvadratmetrədək ərazidə 50 mindən 100 minədək minanın yerləşdirildiyi güman edilir. İnsanların həyatını xilas etmək səylərinə kömək edə biləcək xəritələrin və digər zəruri məlumatların təqdim olunması Ermənistan tərəfindən qəsdən gecikdirilir və ya tam şəkildə verilmir. Bu da 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələrinin, 1 saylı Protokolunun 1-ci maddəsinin, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.

“Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməsini gecikdirməsi minatəmizləmə işlərini ləngidir. Bu səbəbdən də işğaldan azad olunmuş ərazilərin minalardan tam təmizlənməsi çox uzun müddət tələb edəcək. Ermənistanın bu mövqeyi doğma yurdlarından zorla ayrı salınmış məcburi köçkün ailələrinin öz evlərinə qaytarılmasına, Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Biz - Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki potensialından istifadəyə çağırışla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanladıq.

Beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Ermənistan siyasi rəhbərliyinin işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına çalışırıq.

Eyni zamanda, beynəlxalq təşkilatları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırırıq”,-deyə QHT sədri vurğulayıb.