"Bunların adına “erməni” sözünü mən özüm əlavə etmişəm" - Elman Məmmədov

 17:42 10.08.2023     533

Bildiyimiz kimi, Azərbaycan ərazisində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 2 nümayəndəliyi fəaliyyət göstərir. Həmin nümayəndəliklər Bakıda və Xankəndidədir.

Amma ölkə ərazisində BQXK-nin yalnız bir nümayəndiliyi fəaliyyət göstərə bilər və bu təşkilat Xankəndi ilə əlaqəsini Bakıdan qurmalıdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

O, qeyd etdi ki, Prezident İlham Əliyev də bu barədə danışanda xüsusilə qeyd edib, əgər o nümayəndəlik varsa, Bakı ofisi tərəfindən idarə olunmalıdır:

“Yəni Bakı ofisinin nəzdində, tabeliyində olmalıdır. Məsələnin, ikinci bir tərəfi odur ki, Beynəlxalq "Erməni" Qırmızı Xaç Komitəsi Xankəndidə özlərinin ofisini yaratmaqla özlərinin iç üzünü açıb göstərmiş oldular, özlərini ifşa etmiş oldular. Orada onlar ofis açıblarsa, demək Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıblar, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ediblər, Azərbaycan qanunlarını pozublar. Digər tərəfdən onlar separatçılarla əməkdaşlıq ediblər, demək bunlar da separatçılardır və separatçıları dəstəkləyənlərdir. Beynəlxalq "Erməni" Qırmızı Xaç Komitəsinin separatizmi dəstəkləməsi faktı göz qabağındadır. Bunların adına “erməni” sözünü mən özüm əlavə etmişəm, belə olmalıdır adları. Orada onlar kimləri daşıyırlar? Cinayətkarları, terrorçuları, işğalçıları o üz-bu üzə daşıyırlar. Bunu elə Azərbaycan sərhədçiləri bir neçə dəfə Laçın sərhəd keçid-buraxılış məntəqəsində onlara sübut etdilər. Maşınlarında olan qaçaqmalçılarla, apardıqları cinayətkarla sübut etmişik. Görün bunlar nə qədər Vaqif Xaçaturyan kimilərini o üz-bu üzə daşıyıblar. Azərbaycan tərəfi olaraq biz onlara çox ciddi şəkildə nota, bəyanat verməliyik. Onların ya fəaliyyətləri qanunauyğun aparmalıdırlar, ya da fəaliyyətlərini bizim ərazimizdə dayandırmalıdırlar”.

Humay İSGƏNDƏRLİ