"Onlara elə gəlir ki, Sovet İttifaqında bunlara edilən qayğıkeşlik indi də ediləcək" - Aydın Mirzəzadə

 18:10 11.08.2023     763

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabitenin iclasında Azərbaycan əleyhinə növbəti dəfə çıxış edib.

O bildirib ki,  Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən ermənilərin yük maşınlarını buraxmamağı Qarabağda ermənilərin soyqırımını həyata keçirmək üçün aşkar cəhd kimi qiymətləndirilməsə, humanitar yüklərin Qarabağa daxil olmasını əngəlləmək başqa izahat tapa bilməz.

Paşinyanın növbəti dəfə olan bu absurd bəyanatı ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a danışdı.

Millət vəkili dedi ki, bu sözləri 1918-1920-ci ildə Azərbaycan xalqına qarşı həm Azərbaycanın bu hissəsində, həm Qərbi Azərbaycanda dəhşətli qətliamlar törədən xalqın rəhbəri deyir:

"Bu sözləri o hökumətin rəhbəri deyir ki, onun rəhbərlik etdiyi xalqın nümayəndələri regionda sovet hakimiyyəti qurulduqdan sonra Qərbi Azərbaycandan zaman-zaman azərbaycanlıları qovub çıxardılar. Bu sözləri o xalqın nümayəndəsi, rəhbəri deyir ki, 1992-ci ildə bir gecədə Xocalı soyqırımını törədərək 600-dən çox insanı qətlə yetiriblər. Bu sözləri o xalqın rəhbəri deyir ki, onun dövlətinin silahlı qüvvələri Birinci Qarabağ müharibəsində bir milyondan çox vətəndaşı torpaqlarından qovublar və 30 minə qədər insanı qətlə yetiriblər. Bundan sonra özlərinin etdiklərini başqa xalqın adına yazmaq, siyasi riyakarlıqdan başqa bir şey deyil. Onun dedikləri bir daha göstərir ki, Ermənistan rəsmi dairələri ikili siyasət yeridirlər, bir tərəfdən sülhdən danışırlar, amma göründüyü kimi onların etdikləri heç də sülhə doğru getmək deyil. Digər tərəfdən isə Azərbaycanın suveren hüquqlarını şübhə altına alırlar. Azərbaycan ərazisinə zorla müdaxilə etmək istəyirlər, Azərbaycanın daxili işlərinə qarışırlar və nədənsə onlara elə gəlir ki, Rusiya imperiyasında, Sovet İttifaqında bunlara edilən qayğıkeşlik indi də ediləcək. Düşünürlər ki, bunların dövlətlərinə kimsə dəstək verəcək. Həmin dövr çoxdan keçib, Azərbaycan müstəqil dövlətdir və heç kimin onun daxili işlərinə qarışmasına, əhalisinə qarşı soyqırım həyata keçirilməsinə imkan verməyəcək. Azərbaycan Emənistandan fərqli olaraq sülhə sadiqdir və təklifləri ortadadır. Ermənistan isə vaxtaşırı Azərbaycana qarşı törətdiyi təxribatlar, ikili siyasət yeritdiyini göstərir. Ermənistan siyasi riyakarlıq etməkdənsə, Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq xətti yeritsə, bu, ilk növbədə onun üçün faydalı olacaq".

Humay İSGƏNDƏRLİ