"Yaxın günlərdə Yevlaxda bu görüşün baş tutması üçün ciddi addımlar atılacaq" - Deputat
Bildiyimiz kimi, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı. Amma bütün razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışdı.
Millət vəkili bildirdi ki, separatçılar Azərbaycanla Ermənistan arasında, xüsusilə də Qarabağ erməniləri arasında danışıqların baş tutmasına mane olurlar.
"Təəssüf ki, bu gün də bu istiqamətdə davamlı olaraq addımların atıldığının şahidiyik. Burada suallar yaranır ki, nə üçün belə hallar baş verir? Məsələ ondadır ki, bu gün Ermənistan imitasiya ilə məşğuldur, bölgəyə sülhün gəlməsi üçün heç bir ciddi addım atmır və səy göstərmir. Bu da əlbəttə ki, prosesə öz təsirini göstərir. Əslində bu görüşün baş tutması çox önəmlidir. Münasibətlərin olması üçün, əlaqələrin inkişafı üçün və tərəflərin birgə masaya gəlməsi bu baxımdan çox önəmlidir. Yevlaxda keçiriləcək görüşün baş tutmaması bir daha Ermənistanın inteqrasiyanı, bölgəyə sülhün gəlməsini istəməməsinin, bölgədə vəziyyətin gərgin qalmasının işartısıdır və göstəricisidir. Azərbaycan çalışır və biz inanmaq istəyirik ki, yaxın günlərdə Yevlaxda bu görüşün baş tutması üçün ciddi addımlar atılacaq. Bu danışıqların və görüşlərin çox ciddi nəticələri olacaq. Yenə də deyirik, bu təkcə Azərbaycan üçün yox, eyni zamanda bölgəmiz üçün, Azərbaycan və Ermənistan üçün, hər iki xalqın xoşbətliyi üçün önəmli və vacibdir", - deyə C.Məmmədov vurğuladı.
Humay İSGƏNDƏRLİ