"Ermənistanın məqsədi vaxt qazanıb, müharibəyə hazırlaşmaqdır" - Deputat

 17:25 14.08.2023     508

"Müharibə bitər-bitməz ermənilər dərhal müxtəlif istiqamətli təxribatlara başladılar. Bu təxribatlar nəticəsində artıq iki il yarımdan çox keçməsinə baxmayaraq, sülhü əldə etmək mümkün olmayıb. Bu, onun göstəricisidir ki, ermənilər əslində Azərbaycanla sülh istəmirlər".

Bu fikirləri Qarabağda yaşayan erməni sakinlərin Yevlaxa gəlməkdən son anda imtina etmələri haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söylədi.

Onun sözlərinə görə, bu təxribatların məqsədi də sadəcə təxribatlar deyil, sülhün əldə olunmasına mane olmaqdır.

"Əks təqdirdə, gündəlikdən çıxarılmazdı. Hər şeydən öncə üçtərəfli bəyanatın tələbləri yerinə yetirilərdi, Azərbaycanda olan erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılardı. Yenə həmin razılaşmada nəzərdə tutulan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi ilə bağlı addımlar atılardı, həmin bəyanatda nəzərdə tutulan kommunikasiyalar açılardı. Yəni bütün ardıcıllıqla biz ermənilərin siyasi, diplomatik, hərbi davranışlarına diqqət etsək, görəcəyik ki, burda məqsəd sülh danışıqlarını imitasiya edərək vaxt qazanıb, müharibəyə hazırlaşmaqdır. Son günlərdə İran üzərindən Ermənistana Hindistandan hərbi yüklərin daşınması da, əldə olunan razılaşmadan sonra ermənilərin geri çəkilməsi də onun göstəricisidir ki, ermənilər hələ də dövlət ola bilməyiblər. Yenə də forpostdurlar, yenə də hansısa güc mərkəzlərinin diqtəsi ilə hərəkət edirlər və axırda yenə də müharibə vəziyyəti yaratmaqla çox ciddi bir məğlubiyyətə düçar olacaqlar. Mən düşünürəm ki, ermənilərin davranışlarının mahiyyəti bundan ibarətdir. Onlar sülh istəmirlər, regionda sülhün gəlməsində maraqlı deyillər və ona görə də bu təxribatları törədilər. Əks təqdirdə Azərbaycanın təklif etdiyi konstruktiv mövqedən çıxış edərdilər, erməni icmasının nümayəndələri Yevlaxa gələrdi, kommunikasiyaların, Xankəndi-Ağdam istiqamətində humanitar yüklərin daşınması ilə bağlı əldə edilmiş razılaşmaya əməl edərdilər. Məntiq isə bunu deyir ki, bütün bu davranışlardan sonra ermənilər sülh istəmir. Ancaq Azərbaycan da erməniləri sülhə necə məcbur etməyin yollarını yaxşı bilir və düşünürəm ki, bu qeyri-müəyyən vəziyyət çox davam edə bilməz. Vaxtı çatanda Azərbaycan erməniləri sülhə məcbur etmək üçün yeni həmlələr edəcəkdir, başqa çıxış yolu yoxdur", - deyə H.Babaoğlu qeyd etdi.

Qeyd edək ki, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı. Amma bütün razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub.

Humay İSGƏNDƏRLİ